Prezident İlham Əliyevin ötən gün imzaladığı "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" fərmanda öz əksini tapıb. Fərmana əsasən, dövlət icbari şəxsi sığortası sahəsində sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların uçotunun aparılmasını, sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarəti, sığorta ödənişlərinin dövlət icbari şəxsi sığortası sahəsində qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini, sığorta ehtiyatlarının yaradılmasını, artırılmasını, habelə dövlət icbari şəxsi sığortası sahəsində digər işlərin görülməsini 2021-ci il yanvarın 1-dən ƏƏSMN-in tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu həyata keçirəcək.
Sığorta eksperti İlkin İbrahimov bu mövzu ilə bağlı Fins.az-ın suallarını cavablandırıb.
Həmin müsahibəni təqdim edirik:
- Dövlət icbari şəxsi sığortası nədir və kimləri əhatə edir?
- Dövlət icbari şəxsi sığorta demək olar ki, sosial xarakter daşıyır, sığorta haqqı dövlət büdcəsi hesabına ödənir. Silahlı Qüvvələrin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyətinin, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorların, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə qulluq edən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığına dəymiş ziyan üzrə qanunvericilikdə nəzərdə tutulan hallarda ödənən kompensasiyadır.
- Dövlətin bu sığorta növünü Azərdövlət sığorta şirkətindən alınaraq ƏƏSMN-nə verməsində məqsədi nədir?
- Yuxarıda sadalananlara diqqət yetirsək görərik ki, bu sığorta növündə sığorta olunan şəxslər dövlətin starteji sütunları sayılır. Sığortalanan zaman bu şəxslərin şəxsi məlumatları , onların sayı və.s. dövlət üçün əhəmiyyət kəsb edir. Məlumat bazasının daha etibarlı olması , eyni zamanda bu sığorta növünün daha çox kommersiya xarakteri olması deyil, sosial xarakter olması baxımından bu məqsədlə seçilmiş olmasını güman edirəm.
- Sığorta haqları dövlət büdcəsindən ödənirsə, ilin sonunda yığılan bu məbləğ artıq qalarsa həmin məbləğin aqibəti necə olur?
- Istifadə olunmamamış yığılan məbləğ növbəti illərdə ödənəcək kompensasiyalar üçün banklarda müvəqqəti saxlanırdı.