SIĞORTA

28 Aprel

Bir hektar fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – AÇIQLAMA

Aqrar Sığorta Fondu fındıq sahələrinin sığortalanması üzrə tarifləri və bununla bağlı sadə hesablamanı açıqlayıb.

Fonddan verilən məlumata görə, Azərbaycanda fındıq bağları ən çox Şəki-Zaqatala və Quba-Xaçmaz regionlarındadır.

Fındığın sığorta tarifi isə regionların iqlimindən asılı olaraq dəyişir. Belə ki, sığorta tarifləri Şəki-Zaqatala regionunda 3,21 faiz, Quba-Xaçmaz regionunda 1,31 faiz təşkil edir.

Statistika göstərir ki, 1 hektar fındıq bağının orta məhsuldarlığı Şəki-Zaqatala regionunda 11 sentner, Quba-Xaçmaz regionunda 12,3 sentnerdir. Fındığın orta qiyməti isə 3,6 manat/kilqoramdır.

Bu hesabla Şəki-Zaqatala regionunda 1 hektar fındıq bağından orta hesabla 4 min manatlıq, Quba-Xaçmaz regionunda isə 4400 manatlıq məhsul toplamaq mümkündür. Aqrar sığorta haqqının hesablanması üçün bu məbləğ əsas götürülür.

Məhsuldarlıq göstəricisi və qiyməti nəzərə alaraq, 1 hektar fındıq sahəsinin orta sığorta haqqı Quba-Xaçmaz regionunda təqribən 60 manatdır. Bu məbləğin 30 manatını fermer, 30 manatını isə dövlət ödəyir.

Şəki-Zaqatala regionunda isə 1 hektar fındıq sahəsinin orta sığorta haqqı təqribən 128 manatdır. Burada da məbləğin 64 manatını fermer, qalan 64 manatını isə dövlət ödəyir.

Hesablama ölkə üzrə orta statistik məlumatlar nəzərə alınmaqla aparılıb, ayrı-ayrı təsərrüfatlarda məhsuldarlıq və məhsulun qiymətindən asılı olaraq hesablanmış sığorta haqqı fərqli ola bilər.

Bütün hallarda fermer sığorta haqqının yalnız 50 faizini ödəyəcək, məbləğin qalan 50 faizini isə fermerlərə dəstək üçün dövlət ödəyəcək.

Qeyd edək ki, fermerlər və sahibkarlar Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsinə daxil olaraq buradakı Bitkiçilik üzrə sığorta kalkulyatoru və Heyvandarlıq üzrə sığorta kalkulyatoru vasitəsilə öz əkin sahələri və kənd təsərrüfatı heyvanlarının sığorta haqlarını özləri müstəqil şəkildə hesablaya bilərlər (//asf.gov.az/).