SIĞORTA

24 Mart

Sığortçıların ictimai birlikləri dünən və bu gün

Sığortçıların ictimai birlikləri dünən və bu gün - onların ‘ehtiyatlı’ fəaliyyəti sığortaçıları qane etmişdirmi?

Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra, bir-birinin ardınca yeni özəl sıgorta şirkətləri yaranmğa başladı. Özəl sığortaçıların çoxalması onların mənafelərini müdafiə edən qeyri-hökumət təşkilatının – sığortaçıların ictimai birliyinin yaradılması məsələsini də gündəmə gətirdi. İlk belə bir qurum 1993-cü ilin payızında təsis edilmiş Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) oldu. Əfsuslar olsun ki, onun varlığı, 10 il ərzində heç bir əhəmiyyətli tədbirlə yadda qalmadı. Halbuki həmin dövrdə sığortaçılara hamilik edən, onların fəaliyyətini əlaqələndirən, bazarda səliqə-səhman yaradan bir quruma indikindən dəfələrlə çox ehtiyac vardı. Bazar qaynayırdı, xaos, hərc-mərcilik, qeyri-sivil təsir üstünlüyü qazanmaq meylləri güclü idi. 90-dan çox sığorta şirkəti mükəmməl işlənməmiş qaydalarla lisenziya və icazə alır və “necə gəldi xidmət göstərirdilər”. Bir neçə il ərzində sığortaya dair iki qanun qəbul edilmiş, icbari sığorta qanunları da çıxmışdı. Sığorta agentləri lisenziyasız fəaliyyət göstərirdi. Sığortaçıların rəhbər işçilərinin bəlli bir hissəsi təsadüfi adamlardan ibarət idi. Agentlərin saxta fəaliyyəti çoxalmış, müştəri şikayətləri artmışdı. Saxta şəhadətnamələrlə yaxalanmış agentlərin işləri hüquq-mühafizə orqanlarının yükünü artırmışdı. Belə bir “qaynar” vaxtda ASA görünmürdü. Daha doğrusu görünürdü – yubileylərdə, təqdimatlarda, konfranslarda fəxri qonaq qismində.Unibankın, həm də MBASK sığorta şirkətinin təsisçisi olan bir şəxs eyni zamanda ASA-ya da rəhbərlik edirdi. Lakin onun bank və sığorta şirkətindəki uğurları ASA-da nəzərə çarpmırdı. Odur ki, həmin dövr haqqında geniş yazmağa konkret iş və materiallar yox dərəcəsindədir. Həmçinin oxuya bilərsiniz: unibank vakansiya

Bir neçə ildən sonra nəhayət ki, ölkənin aparıcı sığorta şirkətlərinin rəhbərləri bir araya gələrək, ASA-nın fəaliyyətini gücləndirməyi qət etdilər. Beləliklə, 2003-cü ilin mayında ilk ASA-nın bazasında Azərbaycan Sığorta Cəmiyyətləri İttifaqı (ASCİ) yaradıldı. Qurumun adının dəyişdirilməsinin səbəblərindən biri də 1999-cu ilin martında təsis edilmiş Azərbaycan Sahibkarlar Assosiasiyasının (ASA) adı ilə bağlı idi. Belə ki, hər iki qurumun qısaldılmış adının eyni səslənməsi həm mətbuatda, həm də insanlar arasında bir müddət çaşqınlıq yaradırdı. Lakin çox keçmədi ki, sahibkarlar təşkilatı növbəti ənənəvi illik konfransında öz nizamnaməsinə dəyişiklik edərək, qurumun adını dəyişdi. Bundan sonra o, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (qısa: ASK) adlanmağa başladı.

Azərbaycan Sığorta Cəmiyyətləri İttifaqı öz fəaliyyətini nəzərəçarpacaq dərəcədə artırdı. Cəmiyyət üçün şəhərin mərkəzində Z.Əliyeva küçəsində elit bir məkanda ofis binası icarə edildi. Cəmiyyətin 24 nəfərdən ibarət olan Müşahidə Şurasının üzvləri aparıcı sığorta şirkətlərinin rəhbərləri idi. Onlar ASCİ-nin fəaliyyətinə hərtərəfli dəstək verirdilər. Cəmiyyətə ilk icraçı direktor təyin edildi. Müşahidə Şurasının ənənəvi aylıq toplantısında qarşıda duran yeni hədəflər müəyyən edilirdi. İttifaqın tərkibində Hüquq, Xarici əlaqələr, Əmlak sığortası, Təhsil və s. komitələr yaradıldı. ASCİ-nin rəhbərliyinin təşəbbüsü ilə ölkədə ilk dəfə olaraq həftəlik “Sığorta” qəzetinin buraxılması haqqında qərar qəbul edildi. Qəzetə baş redaktor təyin edildi. 

“Sığorta” qəzeti 8 səhifədən ibarət idi. Burada ölkə sığortasının mövcud vəziyyəti, problemləri və inkişaf perspektivləri barədə geniş məlumatlar əldə etmək olardı. MDB və dünya sığortasına dair məlumatlar da onun səhifələrində yer alırdı.Sığortaçılar öz illik balans və maliyyə nəticələrini dərc etdirməklə, bu mətbu orqanın yaşamasına köməklik göstərməyə çalışırdılar.

Sığorta tədrisi sahəsində böyük işlər görülürdü. Sığortaçıların gənc mütəxəssisləri və sığorta vasitəçiləri üçün ardıcıl təlimlər keçirilirdi. Hətta Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri təmənnasız olaraq bu təlimlərə cəlb olunurdular. Bunun qarşılığında isə universitetin rəhbərliyi öz geniş və modernləşdirilmiş auditoriyalarınısığorta təlimləri üçün ödənişsiz olaraq təklif edirdilər.

Sığortaçıların peşəkar post-diplom təhsilinə dair regional sistemin yaradılması istiqamətində işlər aparılırdı. Avrasiya Fondunun maliyyələşdirdiyi qrant layihəsi əsasında bu sistemin yaradılması məqsədilə ilk addımlar atıldı – təhsil proqramı işlənib hazırlandı, əsas istiqamətlər müəyyən edildi, təcrübə mübadiləsinin aparılması üçün xaricdə partnyor təşkilatlar müəyyən edildi. 2005-ci ildə Cənubi Qafqaz Sığorta İnstitutunun yaradılması layihəsinin birinci mərhələsi başa çatdırıldı. Azərbaycan Sığorta Cəmiyyətləri İttifaqının dəstəyi və iştirakı ilə, sözü gedən Cəmiyyətin o zamankı rəhbərliyi bu İnstitutun və onun Bakı filialının yaradılması üçün böyük iradə və əzmkarlıq nümayiş etdirərək, canla-başla çalışırdı. Bu məqsədlə, Türkiyədə Sığorta İnstitutunda (Türkiyə Sigorta Enstitüsü Vakfı - TSEV), AFR-də Almaniya Sığorta İnstitutunda (Hamburq) və Almaniya Sığortaçılar Assosiasiyasında (Berlin) çoxsaylı səmərəli görüşlər və seminarlar keçirildi, ABŞ-a işgüzar səfər təşkil olundu. Ortada ən qabaqcıl Qərb sığorta təhsil təcrübəsini israrla və inadla Azərbaycana gətirmək əzmkarlığı vardı. Son nəticə olaraq  2005-ci ildə  Sığorta Tədris Mərkəzi yaradıldı. Lakin bir çox obyektiv və subyektiv səbəblərdən, özəlliklə də bəlli bürokratik maneələr səbəbindən Mərkəz aktiv fəaliyyətə start verə bilmədi və kağız üzərindəcə qaldı.

Məhz ASCİ-nin rəhbərliyinin səyi və iradəsi ilə ölkədə sığorta işinin dünya standartlarına uyğun təşkil və inkişaf etdirilməsi üçün ən əhəmiyyətli şərtlərdən sayılan sığorta sahəsi üzrə ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi üçün kəsərli addımlar atılmışdı. Belə ki, qurumun rəhbərliyinin israrlı təklifi və səyi nəticəsində Maliyyə Nazirliyinin və Təhsil Nazirliyinin birgə qərarı ilə Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Memarlıq və İnşaat  Universitetində «Sığorta işinin təşkili» ixtisasları tədrisə daxil edilmişdi.

Sığortaçıların bütün ictimai birliklərinin tarixinə nəzər salarkən bizdə belə bir fikir formalaşır ki, ASCİ digərləri ilə müqayisədə daha səmimi idi. Bu, onların sığortaçılarla qarşılıqlı münasibətlərində hər gün hiss olunurdu. İttifaqın rəhbərliyi Dövlət Sığorta Nəzarəti orqanının rəhbəri ilə sığortaçıların rəhbərlərinin ənənəvi görüşlərini təşkil edir və onların problemlərinin bürokratiyadan kənar, yerində və birbaşa həllini təmin edirdi. İttifaqın üzvlərinin fəaliyyəti düzgün koordinasiya olunurdu.

Çox keçmədi ki, sığorta bazarında ASCİ-yə rəqib olan Azərbaycan Sığortaçılar Birliyi (ASB) peyda oldu. ASB 2003-cü ilin aprel ayında yaradıldı və bir müddət sığorta bazarında ASCİ ilə paralel olaraq fəaliyyət göstərdi. Birlik Beynəlxalq sığorta şirkətinin ofisində və əsasən onların kadr bazası əsasında fəaliyyət göstərirdi. Birliyin beş üzvü vardı: Beynəlxalq Sığorta şirkəti, MBASK, AZAL Sığorta (indiki İpək Yolu Sığorta), Cİ İnsurance və Standard İnsurance. Qurumlar arasında sağlam və bir qədər də sərt rəqabət açıq-aşkar hiss olunurdu. Sığortaçıların ictimai birlikləri arasında mövcud sağlam rəqabət münasibətləri sığortanın inkişafına əlavə şərait yaradırdı. Belə ki, bu, qurumlar arasında təşəbbüskarlıq, ideya-fikir yarışmaları, pluralizm, bazarda daha yüksək mövqe və təsir üstünlüyünə malik olmaq əzmkarlığı hiss olunurdu. Bu isə bütövlükdə ümumi işin xeyrinə idi.

ASB-nin üzvlərindən üçü - MBASK, AZAL Sığorta və Cİ insurance eyni zamanda ASCİ-də də təmsil olunurdular.

Azərbaycan Sığortaçılar Birliyinin təsis etdiyi, keyfiyyətlı tərtibatı və dizaynı ilə fərqlənən “Qarant” sığorta jurnalının əhəmiyyətini də qeyd etmək lazımdır. Jurnalın rəngarəng səhifələrində 3 dildə yazılmış materiallara rast gəlmək olardı. Qarant sığorta jurnalının səhifələrində ətraflı statistik məlumatlar, sığortaçıların renkinqi, yeni sığorta məhsullarının təşviqinə geniş yer ayrılırdı. Aparıcı sığortaçıların rəngli reklamlarının yerləşdirilməsi də az əhəmiyyət kəsb etmirdi.

Əsrin əvvəllərində bir birinə rəqib olan iki ictimai təşkilatın adından və onların dəstəyi ilə buraxılan qəzet və jurnal, eyni zamanda ASK-nın biznes bülletenləri sığortanın təbliğatı və kütləvi maarifləndirmə istiqamətində vacib alətlər hesab olunurdu. Hazırda radio proqramlarında KASKO və icbari sığortalara dair ara-sıra qısa məlumatlar və bəzi telekanallarda təşkil olunmuş verilişləri kifayət hesab etmək olmaz.

2005-ci ilin ortalarından etibarən bu iki ictimai təşkilatın birləşdirilməsi barədə təkliflər səslənməyə başladı. Lakin bir ildən çox bu ideyanı gerçəkləşdirmək mümkün olmadı. ASCİ-nin rəhbərliyi bir müddət hər iki strukturun bazasında yeni assosiasiyanın yaradılması təklifini məqbul saymır və bunu məqsədə müvafiq hesab etmirdi. Bu fikir onunla əsaslandırılırdı ki, ASCİ-i 1993-cü ildən fəaliyyət göstərirdi və bu qurumun bəlli təcrübəsi, bazar mövqeyi və ənənələri vardı. Hər halda ASCİ 2006-cı ilin iyun ayında öz fəaliyyətini başa çatdırdı. İttifaqın Prezidenti istefa verdi. 

Beləliklə, 2006-cı ilin dekabrında ASCİ-nin və ASB-nin birləşməsi əsasında Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) yaradıldı. ASA-nın yaradılmasında əsas məqsəd Azərbaycanda sığorta bazarının inkişafının təmin edilməsi və sığorta bazarının problemlərini həll edərkən sığortaçıların vahid cəbhədən çıxışını təmin etməkdən ibarət idi.ASA-ya rəhbərliyi qurumun müşahidə şurası həyata keçirirdi. İlk vaxtlar sanki Dövlət Sığorta Nəzarəti Xidmətinin bir filialı kimi özünü göstərən ASA bir qədər sonra fəallaşmağa və həm də müstəqil addımlar atmağa başladı.

Müşahidə şurasının rəhbərlərinin rotasiya əsasında hər il dəyişdirilməsi əhəmiyyətli bir yenilik idi. Belə ki, hər il qurumun təsisçilərindən birinin idarə heyətinin sədri ASA-nın müşahidə şurasının sədri təyin edilirdi. Bir neçə il davam edən bu qaydanın tətbiqi rəhbərlər arasında sağlam rəqabət mühiti yaradır, işin ahənginə bir impuls verərək, faydalı nəticələrə gətirirdi. Hər yeni rəhbər özündən əvvəlkindən fərqli nəsə yaratmaq istəyirdi. Bu sırada ən böyük uğur, böyük fəxarətlə qeyd etmək olar ki, ölkədə misli görünməmiş ənənəvi “Beynəlxalq Sığorta Forumu”nun və “Sığorta Agentlərinin Ənənəvi İllik Forumu”nun keçirilməsinin əsasını qoymaq oldu.

ASA sığortaya dair qanunvericilik aktlarının qəbul edilməsi və dəyişdirilməsi layihələrində fəal iştirak edir, sığortada qanun yaradıcılığında iştirak edirdi. Məsələn, ASA-nın İcbari sığortalar komitəsində “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq dəyişikliklərin aparılması israrla təklif olunurdu. Bildiyiniz kimi, eyni daşınmaz əmlakın icbarı sığortasında əhatə olunan risklər üzrə azadolma məbləği standartdır. Məsələn, subasma ilə zəlzələ riskinin vura biləcəyi zərər arasında fərq böyük olduğundan sığortalılar əhatə olunan bütün risklər üzrə eyni azadolma məbləğinin tətbiq edilməsinə narazılıqlarını bildirirdilər. Bu, obyektiv bir narazılıq olduğundan, ASA-nın icbari sığortalar komissiyasında bu məsələ dərhal qaldırılmış və diferensial azadolma mexanizminin tətbiqi məsələsi vacib hal kimi yuxarı instansiyalara ötürülmüşdür. 

Başqa bir vacib və narahatedici məsələ daşınmaz əmlakın icbari sığortası üzrə yaranan akkumulyasiyaya nəzarət və buna qarşı etibarlı təkrarsığorta mexanizminin yaradılmamasından ibarət idi. Risklərimizi beynəlxalq təkrarsığorta bazarlarında yerləşdirərkən üzləşdiyimiz çətinlikləri nəzərə alaraq, qurumun müvafiq komitəsi qüvvədə olan qanunvericilikdə dəyişikliklərin edilməsi təklifi ilə çıxış etmişdir. Belə ki, beynəlxalq təcrübədə təkrarsığortaçıların sığorta ödənişi üçün istisna kimi qəbul etdikləri bir sıra hallar (tüstünün uzun müddətli təsiri nəticəsində dəymiş zərərlər, süni şəkildə yaradılmış aşağı temperatur (şaxta) nəticəsində dondurucu qurğuların səbəb olduğu zərərlər, vаkuum və yахud qаzın rеzеrvuаrdа sеyrəkləşməsi nəticəsində yаrаnаn pаrtlаyış, yаnmа mühərriklərinin və аnаlоji mаşın və аqrеqаtlаrın yаnmа kаmеrаsındа bаş vеrən pаrtlаyış, suyun təsiri nəticəsində əmələ gələn gеnişlənmə və şişmədən yаrаnаn pаrtlаyış, radioaktiv çirklənmə, bioloji çirklənmə, konfiskasiya, müsadirə və s.) ‘‘İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci  və Xüsüsi hissənin 36.2-ci maddəsində əhatə edilməmişdir.  Təbiidir ki, bu, biznesin bundan sonra daha səmərəli şəkildə davam etdirilməsində yerli sığortaçı üçün arzu olunan hal deyildir.

Məsələnin bizim üçün vacib tərəfi ondan ibarətdir ki, yuxarıda sadalanan risklərin beynəlxalq təkrarsığorta bazarlarında ümumi istisna kimi qəbul olunması daşınmaz əmlakın icbari sığortası ilə sığortalanan risklər üçün təkrarsığorta təminatının əldə olunmasında əngəllər yaradırdı. Odur ki, bununla bağlı əsaslandırılmış dəyişikliklər təklifi olduqca  əhəmiyyətli idi. Lakin təəssüf doğuran odur ki, yuxarıdakı vacib məsələlərin heç biri son müsbət həllini tapmadı. Bu isə şübhə yoxdur ki, ASA-nın qeyri-ardıcıl, sistemsiz və hədəfə çatmaqda maksimum səy göstərməməsi ilə izah olunmalıdır.

Diqqət çəkən başqa bir məqam Bonus-Malus sistemində dəyişikliklərin aparılması zərurəti ilə bağlı sığortaçıların haqlı çağrışlarına ASA tərəfindən adekvat reaksiya göstərilməməsidir. Məlum devalvasiyalardan sonra manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi, avtomobillər üçün xaricdən gətirilən ehtiyat hissələrinin qiymətlərinin əlçatan olmaması növbəti problem yaratmışdı. Hazırda Bonus-Malus sisteminin tətbiqində də ‘böhran’ vəziyyət yaranmışdı. Belə ki, həmin sistemlə bonus 45 faizə düşmək üzrədir, təcrübəli sığortalılar malusdan ‘məharətlə’ yayınırlar. Bütün bunlar isə nəticə etibarı ilə icbari avtoməsuliyyət sığortasında zərərliyiliyi pik həddə çatdırmışdı.  Lakin əfsuslar olsun ki, bu növ sığortada sığorta haqlarına yenidən baxılması ilə bağlı sığortaçıların təklif və müraciətləri yuxarı instansiyalara çatdırılmır və buna adekvat reaksiya verilmir.

2018-ci ilin mayında ASA-da yeni sığorta vasitəçiləri komitəsi yaradıldı. Bu komitənin yaradılması sığorta agentlərinin və sığorta brokerlərinin fəaliyyətini əlaqələndirmək və problemlərinin həlli baxımından əhəmiyyətli bir hadisə idi. Mübaliğəsiz qeyd etmək lazımdır ki, dünyada sivil sığorta bazarlarının başlıca səciyyəsi vasitəçilik fəaliyyətinin inkişafı ilə bağlıdır. İnkişaf etmiş sığorta bazarlarında vasitəçilik fəaliyyətinin yeri və rolunun keyfiyyət tərəfi az əhəmiyyət kəsb etmir. Məlumdur ki, müasir sivil sığorta bazarı onun iştirakçılarının inam və etmadı üzərində qurulur. Bu cür etimadın yaradılması, saxlanılması və möhkəmləndirilməsi  heç də kortəbii bir proses deyildir, bu, müəyyən bazar mexanizmlərinin məqsədyönlü şəkildə işləməsi, bazarın iştirakçıları arasında güvən, sığorta münasibətlərindəki maraqların uzlaşdırılmasının nəticəsidir. ASA-da sığorta vasitəçiləri komitəsinin yaradılması da məhz yuxarıdakıların həyata keçirilməsini təmin etmək məramı ilə bağlı idi.

Başqa bir müsbət yenilik isə sığortaçılarla bərabər digər əlaqəli təyinatlı qurumların da ASA-ya üzvülüyü məsələsinin reallaşması idi. Məsələn, “OOO Efendi Legal and İP Consultancy” və “OOO Proqress” in ASA-ya üzvlüyə qəbul olunması bir yenilik idi.

İndiyədək ASA-nın təşəbbüsü və iştirakı ilə ümumdövlət əhəmiyyəti kəsb edən bir sıra layihələr gerçəkləşdirilmişdi. Dövlət məmurları ilə sığortaçıların nümayəndələrinin görüşünün keçirilməsi, xarici ekspertlərin təlimlərə cəlb olunması, kütləvi maarifləndirmə tədbirlərinin keçirilməsi ilə bağlı səylər, ixtisaslaşmış yerli təlimlərin, o cümlədən, sığorta aktuariləri və anderrayterlər üçün Cİİ sertifikasiya təlimlərinin təşkili və s. də ASA-nın aktivinə yazılmalıdır. Digər bir istiqamət ASA-nın müxtəlif qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət memorandumlarının imzalanması idi. ASA bu yolla bu və ya digər layihəni həyata keçirmək  üçün əlaqədar qurumlarla səyləri birləşdirir və ortaq fəaliyyət əsasında qarşıya qoyulmuş hədəfləri reallaşdırmaq xətti götürür. Keçən ilin sentyabrında Azərbaycan Milli Avtomobilçilər Klubunun (AMAK) rəhbərliyi ilə də memorandum imzalanmışdır. Lap yaxınlarda Assosiasiya ilə Sosial Tədqiqatlar Mərkəzi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanmışdır. Hazırda bu istiqamətdə işlərin davamını müşahidə etməkdəyik. Gəlin arzu edək ki, bu sənədlər kağız üzərində qalmasın və onların əhəmiyyətini hamılıqla hiss edək.

Sığortaçıların ictimai birliyi olaraq ASA öz təsisçilərinin mənafeyini fədakarlıqla və konkret işlərlə müdafiə etməlidir. Yoxsa, ‘nəzarət funksiyasının MB-a keçməsi ilə sığorta sektorunda canlanma yarandı’ və s. kimi mədhiyələrlə, bir-birimizi tərif etməklə çox da qabağa getmək olmaz. ASA nizamnmasinə uyğun olaraq, öz üzvlərinin fəaliyyətini əlaqələndirməli, onların ümumi maraqlarını müdafiə etməli və onları hakimiyyət orqanlarında və yeri gəldikdə xarici təşkilatlarda cəsarətlə təmsil etməlidir.  

O, sığorta bazarının problemlərini ictimailəşdirməli, sığortaçıların və müştərilərin mənafeyi istiqamətində daha kəsərli tədbirlər həyata keçirməlidir. ASA əhali ilə hökumət arasında körpü rolunu oynamalıdır. Ayrı-ayrı qurumların çatdıra bilmədikləri təkliflər yuxarı instansiyalara çatdırılmalıdır.

Əsas fəaliyyət bazarın inkişafına mane olan və sığortaçıları narahat edən məsələlərin çözülməsi istiqamətində qurulmalıdır. Assosiasiyanı maliyyələşdirən təsisçilər onun əhəmiyyətini hiss etməlidirlər.

Üzvlər, onlara bu gün mane olan bazar problemlərinin, o cümlədən yuxarıda sadaladığımız məsələlərin çözülməsinin, məhz ASA-nın səyi ilə həllinin şahidi olmalıdırlar.

“Çeşidli Memorandumların imzalanması” isə ilk baxışda cəlbedici görünür.

Lakin bunlar sığortaçıların ‘yaralarına məlhəm olurmu?!’

 Müəllif: Şükür Hüseynov