SIĞORTA

18 Mart

Azərbaycanda hərbçilərin sığorta ödənişləri ilə bağlı rəqəmlər açıqlandı

Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə nəzarəti ilə Vətən müharibəsində şəhid olmuş və ya aldığı xəsarət nəticəsində müvafiq əlillik dərəcəsi almış hərbi qulluqçuların ipoteka kreditlərinin sığorta vasitəsilə ödənilməsi prosesi davam edir.

Bu barədə Fins.az-a Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib.

ASA-dan verilən məlumata görə, 2020-ci ilin 27 sentyabr tarixində başlayıb 44 gün davam edən və rəşadətli ordumuzun qələbəsi ilə nəticələnən Vətən müharibəsində iştirak edərək şəhid olmuş və ya müxtəlif əlillik dərəcəsi almış hərbiçilərimizə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilmiş ipoteka kreditləri həyat sığortası üzrə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ödənilir.

Məlumatda bildirilir ki, bu günə olan məlumata görə, Vətən müharibəsində iştirak edərək şəhid olmuş və ya müxtəlif əlillik dərəcəsi almış hərbiçilərimizə aid olan ümumilikdə 3 milyon 404 min 851 manat həcmində ipoteka kreditləri həyat sığortası sahəsində fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən tam ödənilib. Bu istiqamətdə 130 min manat həcmində ipoteka kreditinin ödənilməsi isə nəzərdə tutulur.

Həmçinin şəhidlərimizin vərəsələrinə, xəsarət almış hərbiçilərimizə və əlillik dərəcəsi müəyyən edilmiş qazilərimizə Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası çərçivəsində sığorta ödənişinin verilməsi prosesi də davam etməkdədir. Bu istiqamətdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən bu günədək 44 milyon manatdan çox sığorta məbləği ödənilib.

Qeyd edək ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinə əsasən həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat, I dərəcəli əlilliyə görə 8 800 manat, II dərəcəli əlilliyə görə 6 600 manat, III dərəcəli əlilliyə görə 4 400 manat, yüngül xəsarətə görə 550 manat, ağır xəsarətə görə isə 2 750 manat məbləğində sığorta ödənişi nəzərədə tutulub.

Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilir ki, Mərkəzi Bankın və Assosiasiyanın nəzarəti ilə proses hazırda davam etməkdədir.