SIĞORTA

05 Mart

İcbari Sığorta Bürosu tərəfindən “ASAN Login” sistemi ilə inteqrasiya işləri aparılır

İşçilərin işəgötürəndən soruşmadan İstehsalatda bədbəxt hadisələrin icbari sığortası növü üzrə müqavilələrinin olub-olmamasını öyrənmək qərarına gəldik.

Fins.az olaraq İcbari Sığorta Bürosuna bu sualla müraciət etdik.

Büronun saytında belə bir funksiyanın varlığı haqqında ünvanladığımız suala qurumun cavabı belə oldu:  

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”növü üzrə  məlumatların əldə edilməsi üçün vətəndaşlar İcbari Sığorta Bürosu tərəfindən yaradılan elektron şəxsi kabinet xidmətindən istifadə edə bilərlər.  Bunun üçün vətəndaş ilk növbədə İSB-nin rəsmi internet səhifəsinə (www.isb.az) daxil olaraq, “E-xidmət” bölməsindən öz elektron imza avadanlığına uyğun olan “Asan İmza” və ya “e-İmza” düymələrindən birini seçir. Seçdiyi elektron imza növü vasitəsi ilə sistemə daxil olur və şəxsi sığorta kabinetinin “Sığorta məlumatlarım” menyusunda şəhadətnamələrini görür. 

Qeyd edək ki, hazırda büro tərəfindən “ASAN Login” sistemi ilə inteqrasiya işləri də aparılır. Bu layihə yekunlaşdıqdan sonra hər bir vətəndaş “ASAN Login” vasitəsilə də məlumat ala biləcək”.

Büro onu da bildirib ki, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta – sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur.

Tuncay Türbəndəzadə