Türkiyə Girişimci (Sahibkar) Agentləri Platformasının (TÜGAP) üzvü Əli Bayramov Fins.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
Zəhmət olmasa, yeni işinizlə bağlı ətraflı məlumat verərdiniz.
TÜGAP – Türkiyə Girişimci (Sahibkar) Agentləri Platforması deməkdir. Türkiyə bazarı inkişaf edib müəyyən mövqeyə çatsa da, təəssüf ki, orada da bizim bazara uyğun problemlər var. Bu problemlərin aradan qaldırılması, onların keyfiyyətini yüksəltmək üçün platforma yaradılıb. Keyfiyyət dedikdə əsasən agentin bilik və təcrübələri nəzərdə tutulur. Daha keyfiyyətli agent bazarı əlavə mənfəət, eyni zamanda əlavə sığorta haqqı deməkdir. Eyni zamanda sığorta bazarının böyüməsi və bunun nəticəsində iqtisadiyyata müsbət töhfələrin verilməsi əsas məqsəddir. TÜGAP yaranan gündən onlayn tədbirlərə başlamışıq. Artıq bir neçə aydır pulsuz şəkildə Türkiyənin öndə gedən müəllimlərini dəvət edərək sığorta agentlərini maraqlandıran mövzular üzrə dərslər veririk.
Mən də 18 illik sığorta təcrübəmə əsaslanaraq çoxdan düşünürdüm ki, bizim agentlərə sahib çıxmaq lazımdır. Çünki agentlərimizin keyfiyyəti aşağı, problemləri çoxdur. Bu da öz növbəsində bizim bazara ciddi ziyan vurur. Fikirlər üst-üstə düşdü. Düşündük ki, zatən bütün istiqamətlərdə Türkiyə ilə qardaşlaşmışıq. Sığortada da bu addımın atılmasını labüd hesab etdik. Bildiyiniz ki, TSB və ASA bir araya gəlib və memorandum imzalayıblar. Məqsəd sığorta bazarlarının qaynayıb-qarışması və bizim Azərbaycan sığortaçıları olaraq o bazardan yararlanmamızdır. Biz də dövlətin marağına bir təkan olmaq istədik. Ona görə də Türkiyədəki TÜGAP-ın eynisini Azərbaycanda etmək qərarına gəldik. Ona görə də TÜGAP Azərbaycan yaradıldı. Məqsədimiz Azərbaycan sığorta agentlərini bir araya gətirməkdir. Artıq 100-dən çox platforma iştirakçımız var. Günü-gündən sayımız artmaqdadır və bu bizi çox sevindirir.
TÜGAP yerli sığorta agentlərinə nə verəcək?
TÜGAP Azərbaycanın məqsədi türkiyəli qardaşlarla bir araya gəlib, onların təcrübəsindən istifadə edərək Azərbaycanda daha mükəmməl agent bazarı yaratmaqdır. Artıq bu baxımdan istiqamətləri də bölüşdürmüşük. “TÜGAP Öyrenci” deyə bir sahəmiz var. Bildiyiniz kimi, bəzi universitetlərimizdə sığorta ilə bağlı dərslər keçilir. Sığortaçı olmaq istəyən tələbələri bu platformaya dəvət edirik. Onlara dəstək vermək, təcrübəmizlə bölüşmək istəyirik ki, onlar yaxın gələcəkdə həm bazarımıza töhfə versinlər, həm də özləri üçün iş şəraiti qursunlar.
İkinci sahəmiz “TÜGAP Qadın agentləri” adlanır. Artıq ölkəmizdə də qadın agentlərin artımını istəyirik.
Bütün agentlərə texniki dəstək verməyə hazırıq.
Hər iki sahə üzrə rəhbərlər təyin olunub. “TÜGAP Öyrenci” üzrə rəhbər Elgün Umarov, “TÜGAP Qadın agentləri”nə isə Ləman Babayeva rəhbərlik edir. Əməliyyatlarımız daha çox onlayn şəkildə icra olunur.
Türkiyə və Azərbaycan sığorta bazarları arasında hansı fərqlər var?
Bu bazarlar arasında elə ciddi fərqlər yoxdur. Türkiyə bazarı vaxtilə xarici yatırımlar elə açıq olub ki, nəticədə onların sığorta bazarının böyük hissəsi xarici sığortaçılardan ibarətdir. Bu isə Türkiyə sığortaçılarına böyük təcrübə öyrədib. Bizim də təcrübə və bilik baxımından Türkiyədən öyrənəcəyimiz çox şeylər var. Amma bazarlar elə də seçilmir. Statistikalara baxsaq, görərik ki, orada da əhali daha çox icbari sığortalara fokuslanıb. Düzdür, orada məhsul sayı daha çoxdur. Bizim sığortaçılarımız isə bu sahədə passivdirlər. Amma Türkiyədə tez-tez müştərilərin istəyinə uyğun müxtəlif məhsullar hazırlanır.
Türkiyə bazarı rəqəmsallaşma baxımından dünyanın bir sıra inkişaf etmiş bazarlarından geri qalır. Xüsusilə də, rəqəmsal satış kanalları baxımından Türkiyə geridədir.
Bəzi məsələlərdə bizim bazarımız Türkiyə sığorta bazarını üstələyir. Məsələn, avtomobillərin icbari sığortasını qeyd etmək olar. Bizim bu göstəricimiz dünya miqyasında da nailiyyət sayıla bilər. Böyük dövlətlərdə belə Azərbaycan qədər avtomobillərin icbari sığortasının rəqəmsallaşması müşahidə edilmir.
Sığorta bazarımızın bəzi məsələlərdə geri qaldığını vurğuladınız. Bu, agentlərin keyfiyyəti ilə bağlıdır?
Biz qısa zamanda Azərbaycanda agentlərin sayının artımını istəyirik. Əslində saydan çox keyfiyyətə önəm veririk. Bildiyiniz kimi, agentlərimizin böyük əksəriyyəti icbari sığortalarla məşğuldur. Amma o qədər könüllü sığorta növləri var ki, insanların, biznes sahiblərinin onlara ehtiyacı var. Agentlərin borcu bu maarifləndirməni aparmaqdır. Əgər bir agent təcrübəlidirsə, istənilən kommersiya qurumuna müraciət edib, onların risk analizini apara və onların əsasında sığorta məhsullarını təklif edə bilər. Biznes sahibi isə risklərin bir hissəsini öz üzərinə götürsə də, bir hissəsini sığortaya yönəldir. Sığorta bazarının inkişafında agentlərin rolu çox böyükdür. Bizdə isə bu sahə çox geri qalıb. Məqsədimiz bu geriliyi aradan qaldırmaq üçün agentlərə dəstək verməkdir.
Tuncay Türbəndəzadə