Asiya İnkişaf Bankı (AİB) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə “COVID-19 yeni növ koronavirus pandemiyasının, habelə digər yoluxucu xəstəliklərin potensial pandemiyalarının mənfi təsirinin azaldılması məqsədilə regional dəstək” texniki yardım layihəsinin nəticələrinə həsr olunmuş hesabat tədbiri keçirib.
Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova tədbiri giriş nitqi ilə açaraq bildirib ki, koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üçün ölkələr arasında qarşılıqlı fəaliyyət və birgə əməkdaşlığa zərurət yaranır: “Bu istiqamətdə Asiya və Sakit okean regionu ölkələri üçün əsas inkişaf tərəfdaşı kimi çıxış edən AİB-nin iştirakı xüsusi əhəmiyyət kəsb edir. Bu günədək AİB Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra regional layihələrin maliyyələşdirilməsində iştirak edib. Əməkdaşlıq və dəstəyin növbəti nümunəsi olaraq, AİB-nin Azərbaycandakı daimi nümayəndəliyi tərəfindən edilən yardım çərçivəsində tibb işçiləri üçün fərdi qoruyucu vasitələr, o cümlədən kombinezon, N95 respirator maska, qoruyucu eynək və digər tibbi ləvazimatlar alınıb”.