SIĞORTA

30 Sentyabr

Əmlakın icbari sığortası ilə bağlı ortaya çıxan SUALLAR

Əmlakın icbari sığortası ilə bağlı ortaya çıxan sualları hüquqşünas Şəhriyar Həbilov aydınlaşdırır.

“İcbari sığortalar haqqında” Qanunun 42.2-ci maddəsinə əsasən, təyinatı bu Qanunun 42.3-cü maddəsi ilə müəyyən edilmiş hər hansı əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. Qanunun 42.3-cü maddəsində isə göstərilib ki, bu fəslin məqsədləri üçün istismarı ilə bağlı mülki məsuliyyətin sığortası icbari olan əmlak dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələr başa düşülür.

Qanunun 43.2-ci maddəsinə görə, aşağıdakı şəxslər sahibi olduğu, bu Qanunun 42.3-cü maddəsində nəzərdə tutulmuş hər hansı əmlakın istismarı, o cümlədən müvafiq sahədə inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir:

- hüquqi şəxslər;

- hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

Bu sığorta növü üzrə həm sağlamlığa, həm də əmlaka dəyən zərərə görə kompensasiya - sığorta ödənişi verilməsi nəzərdə tutulur. Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hadisələr baş verərsə və üçüncü şəxslərə zərər dəyərsə, sığorta şirkəti ödəniş verməlidir:

  • elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri;
  • qaz partlayışı;
  • elektrik naqillərində baş verən qısaqapanma;
  • su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;
  • hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.

Bu icbari sığorta növü sahibliyində daşınmaz əmlak olan hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin mülki məsuliyyətini sığortalayır: “İstismarı, o cümlədən ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması ilə bağlı sahibinin mülki məsuliyyəti sığortalanmış əmlakı qanuni əsaslarla istifadə edən və ya onun ərazisində belə əsaslarla fəaliyyət göstərən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış şəxs hesab edilir. Göstərilən hadisələr nəticəsində bir fiziki şəxsin sağlamlığına dəyən zərərə görə 5.000 manat, ümumilikdə sağlamlıqla bağlı 50.000 manat, əmlaka dəyən zərərə görə də 50.000 manat həcmində sığorta məbləği (sığortaçının maksimal öhdəliyi) müəyyən edilib.

Əmlakın icbari sığortası iri ticarət mərkəzlərinin (mall, bazar və digər) ərazisində baş verəcək hadisələrdən üçüncü şəxslərin (əmlakını sığortalayan və ya fiziki şəxsdirsə, ailə üzvləri istisna olmaqla, digər şəxslər) zərərini kompensasiya etmək məqsədi daşıyır.

Əmlakın icbari sığortasını həyata keçirməməyə görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir. Vergilər qəzəti