Koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən yeni təcili tibbi yardım avtomobillərinin təminatının yüksəldilməsi zəruridir.
Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən cari il ərzində Almaniya istehsalı olan “Mercedes Sprinter 416” markalı avtomobil bazasında Türkiyə Respublikasında yığılan 26 ədəd reanimobil, “Mercedes Sprinter 316” markalı avtomobil bazasında yığılan 42 ədəd sadə təcili tibbi yardım avtomobilləri, Türkiyə istehsalı olan “Ford Transit” markalı 10 ədəd sadə və 22 ədəd reanimobil (14 ədəd Ford 350 L və 8 ədəd Ford 410 L) “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyindən satın alınıb.
Agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən Fins.az-a daxil olan açıqlamada deyilir: “Ambulansların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus özəlliklərə malikdirlər. Belə ki, “Mercedes Sprinter 416” bazasında təcili tibbi yardım avtomobilləri (reanimobil) avadanlıq və burada göstərilən tibbi yardımın genişliyi baxımından digər ambulanslardan fərqlənirlər. Avtomobillər bir neçə xərəklə - əsas xərək, çoxfunksiyalı xərək (pilləsiz), scoop xərək, onurğa xərəyi, vakuum xərəyi və pompa, daşıma çadırı, üfürülən şina dəsti, dartma şina, vakuum şina dəsti, defibrilyator, portativ süni tənəffüs aparatı, inqolyator, elektrokardioqramma, reanimasiya çantası və s. vasitələrlə təchiz ediliblər.
“Ford Transit” bazasında təcili tibbi yardım avtomobilləri isə ana xərək və döşək, sovurma avadanlığı, oksigen borusu və balonu və s. ilə təchiz ediliblər”.