Kredit götürərkən əksər hallarda öhdəliyin təmin olunması üsulu kimi girov, zaminlik və ya sığorta müqaviləsi bağlamaq tələb olunur. Burada məqsəd kredit öhdəliyini icra edə bilmədikdə kreditin geri qaytarılmasını təmin etməkdir.
Fins.az hüquqşünas Şəhriyar Həbilovun kreditin təminat üsulu kimi sığorta müqaviləsinin əhəmiyyəti ilə bağlı şərhini təqdim edir.
Onun sözlərinə görə, Azərbaycanda kredit götürən fiziki şəxslərin sığorta münasibətləri nəzarət orqanının müəyyən etdiyi vahid qaydalarla tənzimlənir. Bu, sığorta şirkətlərinin öz qaydalarını istisna edir. Həmin şəraitdə fiziki şəxslər vahid tənzimləmənin olduğunu bilməli və sığorta şirkətləri isə vahid prinsiplə rəqabətqabiliyyətli keyfiyyətli fəaliyyətə üstünlük verməlidirlər: “Kredit götürən fiziki şəxslərlə bağlanan sığorta müqavilələrinə əsasən, ən azı kredit götürənin ölməsi, xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin tam və ya qismən itirilməsilə istənilən əlillik dərəcəsini alması halında sığorta şirkəti sığorta ödənişi vermək öhdəliyi daşıyır. Kredit götürən şəxs hansı təminatın verildiyini bilmək üçün müqavilənin müddətinə, sığorta məbləğinə və riskin bildirilməməsi kimi məsələlərə diqqət yetirməlidir”.
Hüquqşünas qeyd edib ki, kredit götürərkən sığortalanma halında sığorta şirkəti baş verəcək hadisələr zamanı ödənişi öhdəlik həcmində kredit təşkilatına, əgər sığorta məbləği artıq qalarsa, krediti götürən şəxsə, yaxud vəfat etdikdə onun ailə üzvlərinə və ya vərəsələrinə ödəyir.