Fins.az xəbər verir ki, Nigar Arpadarai tərəfindən irəli sürülən həyat sığortası ilə bağlı qanunvericilikdə dəyişikliyə dair "Atəşgah Həyat" Sığorta Şirkətinin Təftiş Komissiyasının sədri Natiq Əmircanov şərh edib.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” AR Qanunu (bundan sonra “Qanun”) iki riskdən sığortanı nəzərdə tutur:
- İstehsalatda bədbəxt hadisə;
- Peşə xəstəliyi.
Bədbəxt hadisə müzakirə mövzusu deyil.
Peşə xəstəliyinə gəldikdə Qanuna görə peşə xəstəliyi dedikdə əlverişsiz və zərərli istehsalat amillərinin işçinin orqanizminə təsiri nəticəsində baş verən xroniki və ya kəskin xəstəlik başa düşülür.
Başqa sözlə, işçi xroniki və ya kəskin xəstəlik keçirərsə, birincisi, bunun peşə xəstəliyi olması müəyyən edilməlidir, ikincisi, isə məhz bu peşə xəstəliyi nəticəsində əmək qabiliyyətinin itirilməsi və ya ölməsi faktı müəyyən edilməlidir ki, sığorta ödənişi üçün əsas yaransın. Hər iki hal ayrıca ixtisaslaşdırılmış qurumlar tərəfindən müvafiq tədqiqatlar nəticəsində müəyyən edilir.
Hörmətli Nigar xanım Arpadarai isə tamamilə yeni riskdən – pandemiya elan edilmiş virusa, məsələn, COVİD-19-a yoluxma və/və ya bu yoluxmadan stasionar müalicə hallarından sığortanın vacibliyindən danışır.
Ən azı 2 səbəbdən bu fikir hörmətlə qarşılanmalıdır:
1. COVİD-19 kifayət qədər öyrənilməmiş, medikomentoz nəzarət olunması hələ ki mümkün olmayan, pandemiya elan edilmiş virusdur, fəsadları, vaksinasiyası və müalicəsi qeyri-müəyyəndir..
2. Hazırkı Qanun bu tip virusa yoluxma, yoluxmaya görə stasionar müalicə hallarını bir risk olaraq əhatə etmir.