SIĞORTA

22 İyun

İşsizlikdən sığorta ödənişlərinin şərtləri yumşaldılacaq və əhatə dairəsi genişləndiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi hazırlanıb. Layihədə işsizlikdən sığorta ödənişlərinin şərtlərinin yumşaldılması və bu ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üçün təkliflər əksini tapır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, mövcud qanunvericilikdə müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş şəxslərə azı 3 il sığorta stajına malik olduqda işsizlikdən sığorta ödənişinin təyin olunması nəzərdə tutulur. Yeni layihədə həmin müddətin 3 ildən 1 ilədək azaldılması təklif olunur.

Həmçinin layihədə müddətli əmək müqaviləsinin vaxtının bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslərə də sığorta ödənişinin təyin olunması təklifi yer alır.

Eləcə də layihədə işsizlikdən sığorta ödənişinin hesablanması, işsizlikdən sığorta ödənişlərinin elektron qaydada təyinatı və s. ilə əlaqədar təkliflər də öz əksini tapır.