Ötən il Respublika ərazisində baş verən çoxsaylı yanğın hadisələri və təbii fəlakətlər nəticəsində həm yaşayış sahələrinə, həm də sahibkarların əmlakına yüksək məbləğdə zərərlərin dəyməsi və maliyyə itkilərinin ödənilməsində yaranan çətinliklər əmlak sığortasının əhəmiyyətini bir daha gündəmə gətirdi. 2019-cu ilin dekabr ayından etibarən sığorta şirkətləri tərəfindən əhali arasında daşınmaz əmlakın icbari sığortasına olan marağın artırılması məqsədilə müxtəlif işlər aparıldı - tədbirlər təşkil edildi, promo materiallar hazırlandı, reklam çarxları çəkildi və s.
Fins.az xəbər verir ki, tendensiya 2020-ci ilin ilk rübünə qədər davam etdi və nəticədə cari ilin ilk 3 ayı üzrə yığımlarda 2019-cu ilin eyni dövrü ilə müqayisədə 95%-lik artım baş verdi.
Yığımlarda müsbət dinamikanın müşahidə edilməsində Mərkəzi Bankın, İcbari Sığorta Bürosunun eləcə də Azərbaycan Sığortaçılar Assosasiyasının bu sahədə həyata keçirmiş olduqları maarifləndirmə və təbliğat işlərinin önəmli rolu oldu. Mərkəzi Bank nəzarət orqanı təyin edildikdən sonra sığorta sektorunun qiymətləndirilməsi və təhlilinin həyata keçirilməsinə başladı. Bu məqsədlə paytaxtda və regionlarda müxətlif tədbirlər həyata keçirildi, KİV-lərdə bu istiqamətdə maarfiləndirici məlumatlar yayımlandı, sığorta ekspertləri icbari əmlak sığortası ilə bağlı müxtəlif televiziya proqramlarına qatılaraq, müsahibələr verdilər. Bu tədbirlər əmlak sığortasının tanıdılması,satışının həyata keçirilməsi baxımından öz müsbət nəticəsini göstərdi.
Aşağıdakı qrafikdə 2016-2020-ci illərdə daşınmaz əmlakın icbari sığortasının qeyri–həyat (könüllü və icbari) üzrə sığorta haqları və ödənişlərdəki payının 3 aylıq göstəriciləri qeyd olunub. Göründüyü kimi yığımlarda 3 il stabil temp müşahidə edilsə də, 2020-ci ilin ilk 3 ayında ciddi bir artım özünü göstərir.
Həyata keçirilən tədbirlər nəticəsində fiziki şəxslər üçün daşınmaz əmlakın icbari sığortasında artım müşahidə edildiyi halda sahibkarlar üçün bu sığorta növü üzrə ciddi dəyişiklik görülmədi. Hazırda ölkəmizdə sığortasız əmlak sayının kifayət qədər olduğunu nəzərə alsaq daşınmaz əmlakın icbari sığortası məhsulunun bazarda böyük potensiala malik olduğunu demək mümkündür. Sığortanın bu növünün 2011-ci ildə qəbul edilən qanuna əsasən tənzimlənməsinə baxmayaraq tətbiqinə ciddi nəzarət edilmirdi. Bu sığorta növü üzrə sığorta ödənişləri,sığorta haqları, komissiyon muzdlarda və digər istiqamətlərdə dəyişikliklər edilməsinə ehtiyac var. İndi qarşıya qoyulan ən əsas məqsədlərdən biri isə bu məhsul üzrə elektron sistemin yaradılmasıdır.
Sığorta sektorunun əsas üstünlüklərindən biri onun baş verən iqtisadi dəyişikliklərə tez bir zamanda uyğunlaşa bilməsidir. Belə ki, mart ayının sonundan bu günə qədər COVİD-19 epidemiyası yalnız Azərbaycanda deyil, bütün dünyada gündəmdə olan əsas məsələdir. Bu mövzunun aktual olması daşınmaz əmlakın icbari sığortası üzrə reklamların, məqalələrin və s. azalmasına səbəb oldu. Şirkətlər əsas diqqəti pandemiya müddətində fəaliyyətlərinin davam etdirilməsinə və müxtəlif yardım kampaniyalarının həyata keçirilməsinə yönəltdi və demək olar ki, bütün sığorta şirkətləri tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüldü. Digər tərəfdən könüllü sığorta bazarına epidemiyanın təsirinin daha yüksək olduğu məlum olduqdan sonra kasko sığortası istiqamətində təbliğat işlərinə başlanıldı. "Paşa sığorta", A-Group, "Qala sığorta", "Xalq sığorta" və digər sığorta şirkətləri tərəfindən Kasko sığortası satışının artırılması və əhalidə bu məhsula olan marağın artırlması məqsədilə endirimlər və əlavə təkliflər verildi. Bir çox şirkətlər tərəfindən yeni könüllü məhsulların yaradılmasına və onların tanıdılmasının həyata keçirilməsinə başladı. Məsələn “Atəşgah Sığorta” şirkəti tərəfindən əmlak sığortası sahəsində könüllü məhsul olan “Arxayın qonşu” məhsulu yaradıldı, “Atəşgah Həyat” epidemiya dövründə insanların maddi itkilərini minimallaşdırmaq üçün yeni unikal sığorta məhsulu olan “Antikoronavirus”- u bazara təqdim etdi. Bundan əlavə "Paşa sığorta" və "Atəşgah sığorta" şirkətləri “Sphera Healthcare AZ” şirkəti ilə əməkdaşlığı çərçivəsində müştərilərinə telesəhiyyə xidmətinin göstərilməsinə başladılar.
Hazırda pandemiya ilə əlaqədar Daşınmaz əmlakın icbari sığortası məhsulu üzrə şirkətlər tərəfindən həyata keçirilən təbliğat xarakterli tədbirlər azalıb və ya tamamilə dayandırılıb. Nəticədə DƏİS üzrə bağlanan müqavilələr üzrə ciddi artım olmasa da, mülayim tempdə irəliləyiş müşahidə olunur. Bununla belə yenə də ötən illərlə müqayisədə bu sığorta məhsulu üzrə ciddi artım olduğunu görmək mümkündür.