SIĞORTA

03 İyun

Aysberq metodunu sığortada necə tətbiq etmək olar?

Anderraytinq işi sığortada əsas fəaliyyət istiqamətlərindən biridir. Bu sahədə çalışan peşəkar mütəxəssisi anderrayter adlandırırlar. Lakin sığorta anlamında həmin terminin bizim bildiyimiz mənası ingilis dilində olan ‘under – alt, altında’ sözünü və writer – yazar, yazıçı’ düzəltmə sözlərindən əhəmiyyətli dərəcədə fərqlənir. 

Anderrayter təklif olunan sığorta predmetinə münasibətdə sığorta müqaviləsinin bağlanıb-bağlanmamasına dair son qərar verən məsul əməkdaşdır. Son seçim etmək üçünsə, bir sıra sistemli, ardıcıl prosedur işlər aparılmalıdır. Bunlar risklərə baxış keçirilməsi, onların təhlili və qiymətləndirilməsi, sığorta və qeyri-sığorta risklərinə bölünməsi, təminatın müddətləri, şərtləri və ölçülərinin müəyyənləşdirilməsi və sığorta haqqının həcmindən asılı olaraq risklərin sığortaya (təkrarsığortaya) qəbul olunması, yaxud ondan imtina edilməsini əhatə edir. Bütün yuxarıdakıların icra edilməsi üçün sığortaçının anderrayterinə müstəsna səlahiyyətlər verilir. Əksər hallarda anderrayter sürveyer funksiyasını da yerinə yetirir. Məqsəd risklərin yaxşı araşdırılması, sığorta şərtlərinin düzgün müəyyənləşdirilməsi və sığortaçının gələcək mümkün təhlükələrdən maksimum qorunmasından ibarətdir.

Hazırda öz vəzifə borcunu yüksək peşəkarlıqla yerinə yetirmək üçün  anderrayterin istifadə edə biləcəyi bir sıra metodlar mövcuddur. Əksər fəaliyyət sahələrində çoxdan tətbiq olunan məşhur aysberq nəzəriyyəsi və ya aysberq prinsipi də bunlardan biridir. İndi aysberq nəzəriyyəsi elm və texnika, tibb, ədəbiyyat, sənaye, biznes idarəetmə, kadr seçimi və təhlükəsizlik sistemində geniş tətbiq olunmaqdadır.

Aysberq nəzəriyyəsi, yaxud aysberq prinsipləri onu nəzərdə tutur ki, biz müəyyən hallarda maraqlandığımız obyekt haqqında görmək və ya bilmək istədiklərimiz məlumatların əksəriyyətini dərhal görə bilmirik. Bunu aysberqlə müqayisə etsək, biz yalnız real fiziki aysberqin kiçicik bir hissəsini təşkil edən səthini görə bilirik, onun dəfələrlə böyük hissəsini, yəni suyun dərinliklərində qalan hissəsini isə görə bilmirik. Gəlin, aysberqi şərti olaraq, 3 hissəyə bölək: 1) aysberqin suyun səthində olan hissəsi – dəqiq görünən hissə; 2) aysberqin suyun yaxın alt qatında olan hissəsi - qismən görünən və ya dəqiq görünməyən hissə; 3) aysberqin suyun uzaq dərinliklərində olan hissəsi – tam görünməyən hissə Bəs sığortada, daha dəqiq, müxtəlif təyinatlı tikili, bina və mürəkkəb konstruksiyaların sığortalanmasında  onu necə tətbiq etmək olar və bu, nə kimi əhəmiyyət kəsb edə bilər? Cavab çox sadədir. Öz işini aysberq prinsiplərinə uyğun quran  anderrayter sığortalanması təklif olunan bina, tikili və s. haqqında daha əhatəli və daha dəqiq məlumat bazasına sahib olar və nəticə etibarı ilə, risklərin düzgün qiymətləndirilməsini həyata keçirə bilər. Bu isə hər bir sığortaçı və onun anderrayteri üçün həyati vacib məsələdir. Indi isə, gəlin, aysberq prinsipi əsasında bina sığortasını həyata keçirən anderayterə metodoloji dəstək göstərməyə çalışaq.  Anderrayter dəyəri yüksək olan sığortalanacaq binaya baxış keçirərkən aysberq prinsipinə uyğun hərəkət etsə, düzgün yekun qərar qəbul edə və sığorta müqaviləsini heç bir tərəddüd etmədən bağlaya bilər. Məlumdur ki, anderrayter riski qiymətləndirmək üçün sığortalının doldurduğu ərizə formasındakı məlumatlardan istifadə edir. Həmin formanı sığortaçının adından anderrayter özü sığortalıya təqdim edir.

Anderrayter çalışır ki, obyektlə bağlı riskə təsir edən bütün amilləri üzə çıxara bilsin. Başqa sözlə, özünün ilk baxışda görə bilmədiyi məlumatı sığortalıdan əldə edə bilsin. Bu məqsədlə o, ərizə formasının bütün sorğu bəndlərini aysberq üsuluna uyğun ardıcıllıqla tərtib edərək, sığortalıdan onun doldurulmasını tələb edir. Bu minvalla anderrayter müqavilə üçün həlledici əhəmiyyət kəsb edən bütün maraqlı məlumatları əldə etməyə nail olur. Beləliklə, məlumatların aşağıdakı sistemlə toplanması sığortalanacaq binanın öyrənilməsinin ən optimal yoludur.  Bu sistemdən istifadə edən anderrayter həm təmsil etdiyi sığortaçı, həm də sığortalının özü üçün əhəmiyyətli iş görmüş olacaqdır:

Aysberqin suyun səthində olan hissəsi - görünən və asan əldə edilə bilən məlumat:

  1. Şirkət haqqında ümumi məlumat – şirkətin adı, ünvanı və s.;
  2. Obyektin yerləşdiyi məkan;
  3. Tikililərin/binaların sayı;
  4. Mərtəbələrin sayı;
  5. Hasar/çəpər;
  6. Dam örtüyü materialı;
  7. Tavan materialı;
  8. Döşəmə materialı;
  9. Arakəsmə materialı;
  10.  Divarların materialı;
  11.  Qapı və pəncərə materiallarının növü:
  12.  Yanğınsöndürmə sistemi, o cümlədən, tüstü və yanğın detektorları, sprinkerlər, su və ya qum rezervuarları, yanğınsöndürənlər, yanğın çıxışları;
  13.  Təhlükəsizlik sistemi - ənənəvi qıfıllar, təhlükəsizlik kilidləri, qəfəsliklər, elektrik qıfılları, video nəzarət, hərəkət detektorları;
  14.  Havalandırma, isitmə (ventilyasiya) sistemi;
  15.  İşıqlandırma növü; 
  16.  Kanalizasiya sistemi;
  17.  Şüşələr;
  18.  Pilləkənlər; 
  19.  Binanın içərisindəkilər, o cümlədən, mebel, orqtexnika;
  20.  Maşın, cihaz və digər avadanlıqlar

Aysberqin suyun yaxın alt qatında olan hissəsi – pis görünən və dəqiqləşdirilməsi tələb olunan əlavə məlumat:

Yanğın mühafizə idarəsinin təlimatı;

  1. Vəzifələr üzrə əsasnamə və təlimatlar;
  2. Satışın/xidmətin təşkili;
  3. Malların/məhsulların qablaşdırılması;
  4. Faydalanan şəxs(lər);
  5. İcarəçi;
  6. Əlaqəli şəxs/bütün kontakt vasitələri;
  7. Fəaliyyət növü/funksional təyinat - ofis, emal, texniki xidmət və s.;
  8. Ərazinin ümumi sahəsi;
  9. Binanın sahəsi;
  10. Ərizəçiyə aid olan digər sahələr;
  11. Otaqların təsviri;
  12. Binalar arasındakı məsafə;
  13. İçəridə saxlanılan yanıcı və təhlükəli maddələr;
  14. Ətrafdakı obyektlər haqqında məlumat;
  15. Ən yaxın polis məntəqəsi;
  16. Avtomatik siqnalizasiya – binaya girişdə, yanğın halında, tüstü halında, qaz sızıntısı halında;
  17. Elektrik, su və qaz sisteminin durumu;
  18. Hazır məhsullar/yarımfabrikatlar;
  19. Xammal və ehtiyat hissələri

III. Aysberqin suyun uzaq dərin qatlarında qalan hissəsi – tamamilə görünməyən digər zəruri və əhəmiyyət kəsb edən məlumat:

  1. Istehsalat sahəsinin ümumi planı/binanın (otaqların) planı;
  2. Idarəetmə strukturu, o cümlədən törəmə şirkətlər;
  3. Tikinti ili;
  4. Rekonstruksiya ili;
  5. Ərizəçinin fəaliyyət müddəti;
  6. Binanın (sığorta obyektinin) balans dəyəri;
  7. Binanın (sığorta obyektinin) real bazar dəyəri;
  8. Yeraltı mərtəbələrin sayı;
  9. Binanın zəlzələ müqaviməti və struktur detalları;
  10.  Ən yaxın yanğın stansiyası (km);
  11.  Mühafizəçilər barədə məlumat – mülki (müdirin qohumu, yad), polis, silahlı, növbəli, insanların sayı;
  12.  Seyfdəki pul;
  13.  Anbardakı mallar;
  14.  Işçilərin adekvat peşəkarlığı;
  15.  Son 5 ildə müştərilərlə yaşanmış problemlər;
  16.  Son 5 ildə dövlət orqanları ilə yaşanmış problemlər;
  17.  Son 5 ildə baş vermiş zərər hadisələri və alınmış sığorta ödənişi məbləği;
  18.  Son 5 ildə sığorta şirkətləri ilə digər problemlər: Sığorta ödənişindən imtina edilmişdirmi, edilmişdirsə, hansı səbəblərdən;
  19.  Təhlükəsizlik sistemi və yanğın əleyhinə avadanlıqlar sınaqdan keçirilibmi;
  20.  Tullantılar (əgər varsa) hansı qrafiklə daşınır və s.

Hörmətli həmkarlar, şübhəsiz, aysberq metodu nağıllardakı  kimi sehirli çubuğa çevrilərək, sizin bütün problemlərinizi dərhal həll etməyəcək. Lakin riskin düzgün qiymətləndirilməsi baxımından onun əhəmiyyətli olacağı heç kimdə şübhə doğurmamalıdır.  Siz, bu metoddan yararlanmaqla iri binaları, çoxtərkibli mürəkkəb konstruksiyaları və tikinti komplekslərini sığortalayarkən mümkün risklər barəsində daha ətraflı və dəqiq məlumat əldə etmək imkanı qazanır və sonda düzgün yekun qərar çıxara bilirsiniz. Bu metodun tətbiqi, artıq vaxt itkisinin qarşısını aldığı kimi, adi vaxtlarda diqqət çəkməyən, yada düşməyən və nəzərdən kənarda qala bilən bütün təfərrüatları, riskə təsir edə bilən bütün maraqlı məqamları üzə çıxarmağa imkan yaradır. Odur ki, sığortalının dolduracağı ərizə formasını tərtib edərkən, aşkarlanması və ya dəqiqləşdirilməsi tələb olunan məlumatların adını yuxarıdakı ardıcıllıqla müvafiq bəndlərə daxil etməyi unutmayın. Bəlkə bundan sonra siz iri miqyaslı sığorta hadisələrinin qarşısını ala və gələcəkdə sığortalı ilə zərərli dartışmaya səbəb olacaq mümkün konfliktlərin önünü kəsə bilərsiniz.

Unutmayaq, sığorta hadisəsi baş verərkən sığorta ödənişinin verilməsi ilə bərabər, sığortalının önləyici tədbirlər görməyə sövq edilməsi də sığortanın əsas funksiyalarındandır. Məncə, Sədərək, Binə, Diqlas, Eurohome və digər satış mərkəzlərində dəhşətli yanğın hadisələri olmaya da bilərdi. Bu, bir tərəfdən sığortalıların ehtiyatsızlığı idisə, digər tərəfdən, sığortaçıların qeyri-peşəkar yanaşmasının nəticəsi idi.                                                                                           

Gəlin, bizi əhatə edən risklərin bütün təfərrüatlarını öyrənək, necə deyərlər, aysberqin görünməyən tərəflərini də üzə çıxaraq!   

P.S. Məlumdur ki, böyük Amerika yazıçısı Ernest Heminquey öz yaradıcılığında aysberq nəzəriyyəsindən bədii texnika üslubu kimi məharətlə istifadə etmişdir. Müəllifin yazmadıqları yazdıqlarından qat-qat çoxdur. O, incə işarələr vurur, oxucu isə öz təxəyyülünü işə salmalı və özü nəticə çıxarmalıdır. Başqa sözlə, müəllif demək istədiklərinin böyük hissəsini “su altında” gizlədir, mətnaltı eyhamlarla son qərarı oxucunun mülahizəsinə buraxırdı. Bədii ədəbiyyatda bu keçərlidir.                                                                                                                 

Sığortaya gəldikdə isə vəziyyət bam-başqadır, yəni sığortada bu prinsip yeriməz, tam əksinə, hər şey bütün çılpaqlığı ilə öyrənilməli və nəzərə alınmalıdır. Çünki, burada işlər konkret insan - onun həyatı, sağlamlığı və əmlak mənafeləri ilə bağlıdır.

Şükür Hüseynov