SIĞORTA

01 İyun

Sığortaya görə ödənilmiş vəsaitin gəlir vergisinə cəlb edilməsi

Vergi Məcəlləsinin 102.1.8-cimaddəsinə əsasən, sığorta hadisəsi baş verdikdə sığorta olunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov vergilər qəzətinə şərh edib. 

Vergi Məcəlləsinin bu maddəsinin tətbiqinin əsas məqsədi fiziki şəxslərin sığorta hadisəsinə görə aldıqları vəsaitlərə və onun adından ödənilən sığorta haqlarına görə gəlir vergisi hesablandıqda azadolma məbləğinin tətbiqi qaydasını müəyyən etməkdir. Belə ki, Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinin tərkibində sığorta məbləğinin azad olması üçün üç hal mövcuddur.

1. Sığorta hadisəsi baş verdikdə sığorta olunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsaitlər və işəgötürən tərəfindən işçinin adından ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları gəlir vergisindən azaddır.

Misal. Fiziki şəxs sığortalatdığı şəxsi avtomobili üçün 1.200 manat sığorta haqqı ödəmişdir. Baş vermiş qəza nəticəsində avtomobilə dəymiş zərərə görə sığorta təşkilatı fiziki şəxsə (sığorta olunana) 20.000 manat sığorta ödənişi vermişdir. Bu halda fiziki şəxsin aldığı sığorta ödənişi gəlir vergisinə cəlb olunmur.

2. İşəgötürən tərəfindən Azərbaycan Respublikasının sığortaçılarına işçinin adından ödənilən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortasının işçinin vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsi qədər sığorta haqları gəlir vergisindən azaddır.

Misal. Tutaq ki, müəssisənin işçisinin vergiyə cəlb olunan gəlirləri 400 manatdır və müəssisə həmən işçini 3 il müddətinə yerli sığorta təşkilatında həyatın yığım sığortası üzrə sığortalamış və 500 manat sığorta haqqı ödəmişdir.

Vergi Məcəlləsinin 98.2.5-ci maddəsinə əsasən, müəssisənin işçiyə görə ödədiyi 500 manat sığorta haqqı işçinin muzdlu işdən gəliri hesab olunur, 102.1.8-ci maddədə is göstərilir ki, ödənmiş sığorta haqqının işçinin vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsi, yəni 200 manatı (400 x 50% = 200) gəlir vergisindən azaddır. Əgər fiziki şəxs xarici sığorta təşkilatında 3 ildən az olmayan müddətə həyatın yığım sığortası müqaviləsi bağlamış olsa idi, bu halda müəssisənin işçiyə görə xarici sığorta təşkilatına həyatın yığım sığortası üzrə ödədiyi 500 manat sığorta haqqı vergidən azad olmadığı üçün işçinin vergiyə cəlb olunan gəlirinə əlavə olunacaq və 900 manat (400 + 500 = 900 manat) məbləğ gəlir vergisinə cəlb olunacaqdı.

3. Həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən bütün növ sığorta ödənişləri gəlir vergisindən azaddır.

Misal. Tutaq ki, fiziki şəxs yerli sığorta təşkilatı ilə 3 il müddətinə həyatın yığım sığortası müqaviləsi bağlamış və 400 manat sığorta haqqı ödəmişdir. Müqavilə şərtlərinə əsasən sığorta müddəti ərzində sığorta hadisəsi baş verməzsə, sığortalı 3 il müddəti başa çatdıqdan sonra 2.300 manat sığorta ödənişi alacaqdır. Fərz edək ki, sığorta dövrü başa çatmış, heç bir hadisə baş verməmişdir. Bu halda sığortalıya ödənilmiş 2.300 manat sığorta ödənişi 102.1.8-ci maddəyə əsasən gəlir vergisindən azaddır. Əgər fiziki şəxs yerli sığorta təşkilatı ilə 3 ildən az olan müddətə, məsələn, 2 il müddətinə həyatın yığım sığortası müqaviləsi bağlamış olsa idi, bu halda sığorta şirkətinin sığortalıya ödəniləsi 2.300 manat məbləğdən ödəmə mənbəyində 190 manat ((2.300 - 400) x 10% = 190 manat) gəlir vergisi tutmalı idi.

Qeyd edək ki, Vergi Məcəlləsinin 102.1.8-ci maddəsində nəzərdə tutulan 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqlarına görə güzəşt hesablanarkən işçinin əməkhaqqı deyil, vergi tutulan gəliri nəzərə alınır.