SIĞORTA

26 May

Qoşqar Həsənov: Sığorta şirkətləri strategiyalarında müəyyən dəyişikliklər etməlidirlər - MÜSAHİBƏ

“AtaSığorta”nın İdarə Heyəti sədrinin birinci müavini Qoşqar Həsənov Fins.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

Pandemiya dövründə sığorta şirkətləri nə qazandı, nə itirdi?

Dünyada və eləcə də Azərbaycanda koronavirus pandemiyasının təsirinə məruz qalmayan biznes sahəsi yoxdur. Lakin pandemiyanın ölkə iqtisadiyyatına, o cümlədən maliyyə bazarlarına mənfi təsirləri də qaçılmazdır. Qlobal iqtisadiyyata öz təsirini göstərdiyi sahələrdən biri də sığorta bazarıdır. Belə bir vəziyyətdə qazanc barəsində danışmaq ürəkaçan olmayacaq. Bir neçə ay davam edən bu hal sığorta şirkətlərinin satışlarına ciddi təsirini göstərdi. Satışların azalması buna əyani sübutdur. Bəzi sığorta şirkətləri bazara yeni məhsullar təqdim etsə də, əhalinin gəlirlərinin aşağı düşməsi bu məhsullardan faydalanmağa imkan vermədi. Eyni zamanda, dünya sığorta bazarına və ekspertlərin analizlərinə nəzər salsaq görərik ki, COVID-19 epidemiyası icbari sığorta məhsullarına nisbətən daha çox könüllü sığorta məhsulları bazarına mənfi təsir edib.

Karantin dövründən sonra sığorta şirkətlərinin fəaliyyətində dəyişiklik olacaqmı?

Düşünürəm ki, sığorta şirkətləri mövcud vəziyyətlə əlaqədar strategiyalarında müəyyən dəyişikliklər etməlidirlər. Belə bir vəziyyətdə müştəri yönümlü siyasətin aparılması və müştəri məmnuniyyətinin artırılması istiqamətində daha çox aktivlik göstərməlidirlər. Eyni zamanda, onlayn xidmətlərin tətbiqinə geniş yer ayırmalıdırlar.

Karantin günlərində əksər sığorta şirkətlərinin əməkdaşları evdə çalışır. Yeni iş üslubu şirkətlərə nəsə öyrətdimi? Bu üsul sonralar da tətbiq oluna bilərmi?

Bütün işlər evdən edilə bilməz. Əgər işimiz tez-tez ictimaiyyətlə işləməyi tələb edirsə, evdə işləmək üçün ideal ola bilməz. Bundan əlavə, çalışmaq üçün sakit bir ev, ofis sahəsi olmalıdır (çətin məsələdir). Bunun üçün bəzi məqamlara diqqət edib araşdırma aparmaq lazımdır.

Etibarlı olduğunuzu sübut edə bildiyinizi və müstəqil işləməyiniz üçün özünüzdə intizamın olduğunu göstərə bilərsinizmi?

Rəhbərlik işlədiyinizi necə bilir?

Necə hesabat verəcəksiniz?

Lazım olduqda, rəhbərlik və ya iş yoldaşlarınız sizinlə necə operativ əlaqə quracaqlar?

Uşaqlarınıza olan diqqət və qayğı buna imkan verəcəkmi?

Şirkət məlumatlarını necə təhlükəsiz saxlayacaqsınız və sair.

Sualları artırmaq olar. Lakin bütün bunlar araşdırıldıqdan sonra qərar vermək lazımdır. Fikrimcə, bunun üçün kifayət qədər zamana ehtiyac olacaq.

İcbari tibbi sığortanın tətbiqi vaxtının uzadılması sığorta şirkətlərinin planlarına təsir etdimi?

Təəssüf ki, koronavirus pandemiyası Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə mane oldu.  İcbari tibbi sığortanın tətbiqi kifayət qədər ağır və uzunmüddətli bir prosesdir. İTS dünya səhiyyəsində geniş yayılmış tibbi xidmətlər modelidir və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Lakin bu prosesdə Sığorta şirkətləri iştirak etmirlər. Bu səbəbdən sığorta şirkətlərinin planlarına mənfi təsir göstərəcəyini düşünmürəm.

Karantin günlərində sığorta şirkətləri dövlətin dəstəyini nə dərəcədə hiss edirlər ?

Azərbaycan dövlət səviyyəsində pandemiya ilə uğurlu mübarizə aparan ölkələrdən biridir. Təbii ki, pandemiya iqtisadiyyata təsirsiz ötüşmür. Azərbaycan hökuməti pandemiyanın sığorta şirkətlərinə təsirini azaltmaq istiqamətində fəaliyyətini genişləndirib. Bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsi də müşahidə olunur. Həm Azərbaycan hökuməti, həm də Mərkəzi Bank tərəfindən pandemiyanın sığorta bazarına təsirlərini minimumlaşdırmaqla bağlı kompleks addımlar atılır.

Tuncay Türbəndəzadə