İqtisadiyyatın bütün sahələri bir-biri ilə qarşılıqlı əlaqədə olduğu üçün bir sahədə baş verən dəyişiklik digərinə də öz təsirini göstərir. Sirr deyil ki, pandemiya istehlakçıların davranışına, xarici ticarətə və maliyyə sahəsinə mənfi təsir göstərdi.
Belə ki, son 1 ayda qlobal sığorta və təkrarsığorta bazarlarında baş verən dəyişikliklər sığorta şirkətlərinin investisiya gəlirlərinə mənfi təsir göstərməsi ilə nəticələndi. Səhmləri birjada satılan sığorta və təkrarsığorta şirkətlərində ciddi itkilər olacağı güman edilir.
Epidemiyanın yayıldığı vaxtda Asiya ölkləri vəziyyəti nisbətən nəzarət altına ala bilsələr də, Avropa ölklərinin sığorta bazarındakı tədirginlik hələ də ekspertləri narahat edir.
Amerika və Avropa mərkəzi bankları epidemiya zamanı faiz dərəcələrini aşağı saldı. Maliyyə bazarlarında dəyişiklik və düşən faiz dərəcələri sığortaçılara qazanc və ödəmə qabiliyyəti baxımından təsir göstərəcəkdir.
Koronavirusun təsiri ilə ABŞ faiz dərəcələrini azaltmağa çalışdığı üçün ABŞ dolları Avro qarşısında 4% dəyərsizləşdi. Bu dəyərdən düşmə davam edərsə və ABŞ-ın özəl istiqraz bazarı reytinqin aşağı düşməsinə səbəb olarsa, Avropadakı bir çox sığorta şirkətləri böyük itkilərə məruz qala bilər.
Lakin hal-hazırda sığorta şirkətləri fəaliyyətlərini maksimum dərəcədə yüksək səviyyədə davam etdirməyə çalışır. Azərbaycanda fəaliyyət göstərən bəzi şirkətlər COVİD-19 riskinə qarşı bazara yeni məhsullar təqdim edirlər. Əgər virusun təsiri tez bir şəkildə aradan qaldırılsa sığorta sektoru da daxil olmaqla bir çox sahələr fəaliyyətlərini bərpa edə bilər. Xüsusilədə ikinci rüb üçün yüksək nəticələr əldə olunanacağı güman edilir. Lakin bu bərpa prosesi baş verdiyi təqdirdə belə yenə də verilən proqnozdan aşağı rəqəmlərlə ili başa vurmaq ehtimalı yüksəkdir.
Pandemiyanın sığorta şirkətlərinin fəaliyyətinə digər bir təsiri isə onların öz şirkətlərinin biznes planlarına yenidən baxmasına gətirib çıxardacaq. Real stress altında fəlaiyyətlərində yaranan çatışmazlıqlar və üstünlükləri təhlil etmək imkanı əldə edəcəklər.
Azərbaycanda ilk koronavirus hadisəsi baş verdiyi zaman sığorta şirkətləri xüsusi tədbirlər planı hazırladı və fəaliyyətlərinə yaranmış vəziyyətə uyğun şəkildə davam etdilər. Sığorta şirkətlərinin iş rejimi yenidən quruldu və hal-hazırda əməkdaşlar evlərindən işlərini fasiləsiz davam etdirə bilirlər. Azərbaycan sığorta bazarında COVİD-19 epidemiyasının təsirinin müşahidə olunmasına baxmayaraq, bu şirkətlərin fəaliyyətinə nəzərə çarpacaq dərəcədə təsir göstərmədi və işlərini ləngitmədi. 2020-ci il üçün verilən proqnozlarda azalma müşahidə oluna bilər, lakin düzgün fəaliyyət sayəsində şirkətlər bu günləri zərərsiz başa vura bilərlər.
Mövcud vəziyyətə baxmayaraq ilin əvvəlindən sığorta şirkətləri fəaliyyətlərinə olduqca yüksək tempdə başlayıb. Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmovun 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş video konfrans şəklində keçirilən müşavirədə bildirdiyi kimi, cari ilin ilk rübü üzrə sığorta ödənişləri 19% artıb və sığorta bazarı yaxşı start götürüb.