SIĞORTA

31 Mart

Daşınmaz əmlakın icbari sığortası sahəsində ehtiyac duyduğumuz - MAARİFLƏNMƏK

Qərbdə belə bir deyim var: Sığorta pul deyil, qəlb rahatlığıdır. Bu ifadə bəlkə də sığortanın qısa tərifi ola bilər. Təbii ki, onun nə olduğunu həqiqətən başa düşənlər üçün.

Təəssüf ki, bizim cəmiyyətdə insanlar rahat vaxtlarında kiçik bir məbləğ ödəməkdənsə, hər gün narahatlıqla heç bir fövqəladə halın baş verməməsini diləməyi üstün tuturlar. Niyə? Səbəb xəsislikdir? Yox, belə olsaydı, sabah başına fəlakət gələndən sonra həmin məbləğin bir neçə qatını ödəməyi gözə almazdılar.

Daha sadə və həm də təəssüfləndirici bir səbəb var: məlumatsızlıq, bu sahə üzrə kifayət qədər maariflənməmək.

Bu məsələ ölkə başçısı İlham Əliyevin də diqqətindən yayınmayıb. O, 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə sığorta sahəsində maariflənmə məsələsinə toxunaraq bildirmişdi:

“Mən bunu əvvəllər də demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır. Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir”.

Prezidentin çağırışı hökumətə olsa da, hesab edirəm ki, bu çağırışdan hamı özünə pay götürməlidir. Əsas da sığorta şirkətləri və biz – kütləvi informasiya vasitələri.

Ötən il daşınmaz əmlakın icbari sığortası gündəmə gəldi və mətbuat 2020-ci ildə bunun mütləq olduğunu əhaliyə çatdırdı. Lakin hansı formada? Məqalə başlıqlarına əsasən “ödənişi 20 gün gecikdirsən, bu qədər cərimə olunarsan” tipli yazılar çıxdı. Əslində isə daha səmərəli vasitələr – insanlara daşınmaz əmlakın sığortasının nə olduğunu, bizə hansı xeyri dəyə biləcəyini sadə dildə izah etmək olardı.

İzah etmək olardı ki, bu məsələ indi gündəmə gəlsə də, əslində təzə bir şey deyil.   “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının  hələ  24 iyun 2011-ci ildə qəbul olunmuş Qanununda göstərilib ki, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

Lakin bu bir faktdır ki, əksər hallarda yaşadığı mənzili sığortalamaq istəyən vətəndaşımız daşınmaz əmlakın icbari sığortası ilə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasını bir-birindən ayıra bilmir. Bunun günahı isə yenə də vətəndaşda yox, yuxarıda qeyd edilən kimi maarifləndirmə işi ilə məşğul olmalı şəxslərdədir.

Halbuki məsələnin çox qısa və sadə dillə izahı var ki, adıçəkilən qanunda da göstərilib:

“Daşınmaz əmlak  yanğın, ildırım düşməsi, məişətdə və istehsaltda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazlarının, qaz kəmərlərinin, maşınların, aparatların oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik və kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, təbii fəlakətlər, zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi hadisələrindən sığorta olununr. Daşınmaz əmlakın icbari sığortası  üzrə sığorta məbləği daşınmaz əmlakın orta bazar qiymətinə əsasən müəyyənləşdirilir.

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası baş verən sığorta hadisəsi nəticəsində üçüncü şəxslərə dəymiş zərərin ödənilməsinə təminat verir”.

Bu məsələ cari ilin yanvarın 24-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə də müzakirə olunub. Baş Nazir Əli Əsədov çıxış edərək bildirib ki, Prezident İlham Əliyev 2020-ci ilin yanvarın 13-də keçirdiyi müşavirədə əmlakın sığortalanması ilə bağlı ciddi maarifləndirmə işlərinin aparılması və əmlakın sığortalanması məsələsinin müasir standartlara uyğunlaşdırılması ilə əlaqədar tapşırıq verib. Diqqətə çatdırılıb ki, maarifləndirmə ilə yanaşı, marketinq işləri də aparılmalı və vətəndaşların əmlakın sığortalanmasında maraqlı olmaları üçün müvafiq tədbirlər görülməlidir. Əmlakın sığortası vətəndaşların da mənafelərinə cavab verir. Vətəndaşlar daşınmaz əmlaklarını icbari qaydada sığortalamaqla, fövqəladə hallarda riskləri minimuma endirmiş olurlar. 

Bir çox hallarda daşınmaz əmlakın sığorta haqqı da əhali arasında mübahisə yaradan mövzulardan birinə çevrilir. Bəziləri məbləğin azlığından, bəziləri isə əksinə, yüksək olmasından şikayət edirlər. Məlum olduğu kimi, Bakı şəhərində illik 50 manat sığorta haqqına 25 min manatlıq təminat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manata 20 min manatlıq təminat, digər yaşayış məntəqələrində 30 manata 15 min manatlıq sığorta təminatı verilir. Bu isə indiki şərtlər daxilində kifayət qədər optimal rəqəmlərdir. Gələcəkdə isə təbii ki, bu rəqəmlərin artmasını da, inkişaf etmiş ölkələrdə olduu kimi, vətəndaşların təkcə icbari deyil, könüllü sığorta növlərinə meylli olacağını da gözləmək olar.

Yeri gəlmişkən, tez-tez Avropa ölkələrini nümunə göstərmək, onların təcrübəsindən bəhrələnmək kimi adətimiz var. Əlbəttə, bu, olmalıdır. Amma yadımıza salaq ki, Avropa da nə zamansa bizim keçdiyimiz mərhələləri keçib. Avropa insanı da nə zamansa sığorta şirkətlərinə etibarsız yanaşıb, inanmayıb. Bunu hətta həmin dövrdə yazılmış bədii ədəbiyyat və film nümunələrində də görmək olar. Bu gün isə sığorta sahəsi Avropa iqtisadiyyatının hərəkətverici qüvvələrindən sayılır.

Dünyaca məşhur sığorta şirkətlərinin baş ofislərinin yerləşdiyi İngiltərədə bu gün daşınmaz əmlakın sığortasının bizim üçün ağlasığmaz görünən (təyyarənin evin üstünə düşməsindən sığortalanma kimi) müxtəlif növləri var ki, insanlar məmnuniyyətlə bu növlərə müraciət edirlər. Vəya Avropa mədəniyyətinin beşiyi olan Fransada kirayə mənzillərlə bağlı müxtəlif sığorta növləri ən çox müraciət olunanlardandır.

Təbii ki, yaxın gələcəkdə Azərbaycan sığorta bazarında da inkişafı gözləniləndir. Amma əvvəlcə bu bazarın hərəkətverici qüvvəsi olan əhalini maarifləndirmək lazımdır ki, sabah hər hansı bir fövqəladə vəziyyət yaşandıqda başına döymək yerinə, sığorta şirkətinin qapısını döysünlər.

Fins.az saytı olaraq dəfələrlə sığorta şirkətlərinin sosial şəbəkədə aktiv olmadığını, əhali ilə ünsiyyətdən qaçdığını işıqlandırmışıq. Bu gün də elə hesab edirik ki, əhalinin daşınmaz əmlakını sığortalamasında maraqlı tərəflərdən biri kimi sığorta şirkətləri də aktiv olmalıdırlar. Bunun üçün onlardan xüsusi maddi vəsait tələb olunmur. Hamı üçün əlçatan olan sosial media vasitələrində səhifəsi olan şirkətlər gündəlik işlərini – sığorta ödəmələrini nümayiş etdirməklə də istənilən məqsədə nail ola bilərlər. Həqiqəti olduğu kimi göstərmək istənilən şişirdilmiş reklamdan daha yaxşı vasitədir. Həmin həqiqətləri geniş ictimaiyyətə çatdırmaq isə biz mətbuat nümayəndələrinin boynuna.

Tuncay Türbəndəzadə