"İpək Yolu” sığorta şirkətinin sığorta şöbəsinin müdir müavini Elnur Cavadov Fins.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
Hazırda bir çox sürücülər hələ də kasko və icbari sığortanın fərqini tam anlamır. Bunun səbəbi nədir?
Bir neçə il əvvəl sürücü və avtomobil sahiblərinin çox hissəsi kasko sığortanın icbari sığortadan fərqini tam olaraq bilmirdi. Lakin, son illər ərzində sığorta nəzarət orqanı, Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun apardığı kütləvi təbliğat, təşviqat və maarifləndirmə işləri nəticəsində əhalinin əksər hissəsi kasko sığorta növünün icbari sığortadan fərqini başa düşüb və onun özünəməxsus üstünlükləri barədə məlumatlandırılıb. Bununla yanaşı, sığorta şirkətlərinin “Facebook”, “Twitter” və digər sosial şəbəkələrdə aktivliyi sığorta bazarında mövcud olan bir sıra kasko sığorta məhsulları və onların kütləvi informasiya vasitələri ilə təbliği əhali arasında kasko və digər sığorta məhsullarının daha dərindən başa düşülməsinə dair öz töhfəsini verib. Yuxarıda qeyd olunan işlərin bu qaydada davam etməsi gələcəkdə əhalinin sığorta biliklərinin daha da artmasına səbəb olacaq.
Kasko sığorta könüllü və nisbətən bahalı olduğu üçün sürücülər bir o qədər də maraq göstərmir. Bunun həllini nədə görürsünüz?
Kasko sığorta növü üzrə sığorta haqlarının hesablanması bir sıra faktorlardan asılıdır - avtomobilin markası, modeli, istehsal ili, bazar dəyəri, sürücünün yaşı və sürücülük təcrübəsi, sığorta tarixçəsi və sair. Bu amillərin hər biri nəzərə alınmaqla kasko sığorta növü üzrə sığortaçı tərəfindən avtomobilin bazar dəyəri müəyyən edilir, sığorta tarifi və sığorta haqqı hesablanır. Göründüyü kimi, sığorta haqqının məbləği sığorta tarifi ilə yanaşı, avtomobilin bazar dəyərindən də asılıdır. Lakin bildirmək istərdik ki, avtomobil sahiblərinin və sürücülərin bu növ sığortaya cəlb olunması və kasko sığorta müqavilələrinin bağlanmasının inkişaf etdirilməsi məqsədilə hesablanmış sığorta haqlarının 4, 6 və 12 hissədə ödənilməsi də təklif edilir. Düşünürük ki, sığorta mövzusunda daimi olaraq aparılan müxtəlif maarifləndirici proqramlar, radio və TV kanallarda yayımlanan verilişlər və reklamlar kasko sığorta növünün yaxın gələcəkdə əhali arasında daha da inkişaf etməsinə dəstək olacaq.
Kasko hansı halda məbləği ödəmir?
Bildiyiniz kimi, sığorta təminatı müvafiq Qanunvericiliyin şərtləri ilə tənzimlənir. Həmçinin, sığorta müqaviləsi bağlanarkən Sığortaçı tərəfindən Sığortalıya sığorta şəhadətnaməsi təqdim edilir və həmin şəhadətnamədə sığorta riskləri və sığorta təminatından istisnalar göstərilir. İstisnalar bəndinə düşən hallar üzrə sığorta ödənişi həyata keçirilmir. Məsələn:
- Avtomobilin texniki təyinatı üzrə istifadə edilməməsi;
- Təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması;
- Avtomobili alkoqolun, narkotik vasitələrin, psixotrop, toksik və güclü təsir göstərən digər maddələrin təsirindən sərxoş vəziyyətdə olan və ya onu idarə etməyə hüququ olmayan şəxsin idarə etməsi;
- Nüvə partlayışı, radioaktiv çirklənmə, nüvə enerjisinin istənilən formada təsiri;
- Avtomobilin sığorta ərazisindən kənarda istismar olunması.
- Avtomobilin cinayət məqsədilə istifadə edilməsi.
Hansı avtomobillərə, belə deyək də, kasko düşmür?
Qanunvericiliyin tələblərinə uyğun olaraq, Sığorta şirkəti kasko sığorta müqaviləsinin bağlanmasına dair imtina edə bilər. Məsələn, Ərizəçinin sığorta marağının mövcud olmaması, avtomobilin təlim məqsədilə, yaxud rəsmi və qeyri-rəsmi yarışlarda, sürət müsabiqələrində, sürət sınaqlarında, avtomobil rallilərində, davamlılıq sınaqlarında istifadə edilməsi və sair. Bir sıra hallarda, avtomobilin istehsal tarixindən 20-25 il keçdikdə və avtomobilin ehtiyat hissələrinin istehsalı dayandırıldıqda həmin avtomobilin kasko sığorta müqaviləsinin bağlanılmasından imtina oluna bilər. Bildirmək istərdik ki, Şirkətimiz tərəfindən hər bir risk fərdi qaydada qiymətləndirilir, avtomobilin istifadə məqsədləri müəyyən olunur və həmin riskin sığortalanması məqsədəuyğun hesab edilərsə, müvafiq sığorta müqaviləsi bağlanır.
Sığorta bazarında bəzi şirkətlər 2006-cı ildən aşağı olan avtomobilləri sığortalamırlar. Əksər şirkətlər isə istehsal tarixi 2008-ci ildən yuxarı olan avtomobilləri sığortalamağa razılıq verirlər. Bu barədə nə deyə bilərsiniz?
Əlbəttə ki, hər bir Sığorta şirkəti öz daxili sığorta prosedurlarını müəyyən edir və həmin prosedurlar üzrə müxtəlif meyarlar əsasında sığorta müqavilələrini bağlayır. Həmin meyarlar avtomobilin yüksək riskə məruz qalması, təmir zamanı ehtiyat hissələrinin əldə olunmasında yarana biləcək çətinliklər və ehtiyat hissələrinin qiymətlərindən asılı ola bilər.
Avtomobilin bazar dəyəri necə ölçülür?
Avtomobilin bazar dəyəri eyni marka, model, istehsal ili, yürüş və digər meyarlar əsasında avtosalonlarda, internet səhifələrində və avtomobil bazarlarında satılan anoloji avtomobillərlə müqayisə olunaraq müəyyən edilir. Həmçinin, Sığortaçıların və onların partnyor şirkətlərinin məlumat bazaları əsasında avtomobilin bazar dəyəri müəyyən edilə bilər.
Əlavə olaraq qeyd etmək istərdik ki, bir sıra hallarda avtomobil sahibləri sığorta haqlarının aşağı olması məqsədilə avtomobilin kasko sığorta məbləğini bazar dəyərindən aşağı məbləğə sığortalayır.
Qanunvericiliyin tələblərinə əsasən, avtomobilin sığortası üzrə müqavilədə göstərilmiş sığorta məbləği avtomobilin bazar dəyərindən az olduğu halda (qismən sığorta halında), zərər məbləğinin sığorta ödənişinin həyata keçirilməsi üçün tətbiq edilən hissəsi sığorta məbləğinin sığorta dəyərinə (bazar dəyərinə) olan nisbətində hesablanır. Bu səbəbdən də, Şirkətimiz tərəfindən kasko sığorta müqaviləsini bağlamaq istəyən ərizəçilərə tövsiyyə edilir ki, avtomobilin kasko sığorta məbləği onun real bazar dəyərinə uyğun məbləğdə sığortalansın.
Tuncay Türbəndəzadə