SIĞORTA

03 Mart

“Sığortalı gələcək” təşviqat proqramının iştirakçılarına sertifikatlar verilib

Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın 5.4.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Könüllülük Məktəbi” və Azərbaycan Mərkəzi Bankının (AMB) birgə təşkilatçılığı ilə “Sığorta könüllüləri layihəsi (2019-2021-ci illər)” çərçivəsində reallaşdırılan “Sığortalı gələcək” təşviqat proqramı həyata keçirilir.

AMB-dən Fins.az-a bildirilib ki, proqram “ASAN xidmət” mərkəzlərində müddətli fəaliyyət göstərən könüllülərin sığorta sferasında təcrübə qazanmasını, sığorta mövzuları üzrə praktiki bacarıqlara yiyələnməsini və vətəndaşların bu sahədə maarifləndirilməsini nəzərdə tutur. Proqramda iştirak etmək hüququ qazanmış könüllülər ilk mərhələdə sığorta mütəxəssisləri və agentliyin təlimçiləri tərəfindən keçirilən 2 həftəlik təlim kursunda iştirak edir, sonrakı mərhələdə isə Bakıda yerləşən “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərirlər. Könüllülərin fəaliyyət istiqamətləri əsasən sığorta sahəsində əhalinin maarifləndirilməsi, sığortaya ictimai marağın artırılması və insanlar arasında sığorta üzrə sorğuların keçirilməsidir.

Bu günədək proqram çərçivəsində 2 qrup olmaqla 80-dən çox “ASAN könüllü”sü tərəfindən 16 mindən çox sorğu götürülüb və vətəndaşlar məlumatlandırılıb. “Sığortalı gələcək” təşviqat proqramının iştirakçısı olan ASAN könüllülərinə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Mərkəzi Bankın təşəbbüsü ilə “Sığorta könüllüləri layihəsi” üzrə növbəti qruplar cari ildə Bakı şəhəri ilə yanaşı, regionlarda da fəaliyyət göstərəcək.