SIĞORTA

27 Fevral

Azərbaycanda mənzilini sığortalamayanı hansı cəza gözləyir? ARAŞDIRMA

Bir müddət əvvəl daşınmaz əmlakın icbari sığortası ilə bağlı ölkədə yaranan ajiotaj sanki artıq səngimək üzrədir. Bunun həqiqətən belə olub-olmadığını və səbəblərini sığorta üzrə ekspert İlkin İbrahimovdan öyrənmək qərarına gəldik.

Ekspert bizim müşahidələrimizi təsdiqləyərək səbəbləri izah etdi: “Səbəb ondan ibarətdir ki, cavabdeh qurumlar - həm Mərkəzi Bank, həm də İcbari Sığorta Bürosu bu sahədə maarifləndirmə prosesində sığorta mütəxəssislərinin yanında olmadılar. Onlar gözləmə mövqeyi seçdilər, sonda isə bir yığılma statistikası açıqladılar ki, 160 min əmlak sığortalanıb. Sadəcə, formal olan statistikanı ortaya qoydular. Lakin onların vəzifəsi bu olmalı deyildi. Sığortanın inkişafı ödənişdən keçir, Mərkəzi Bank isə nəzarətedici qurumdur və istehlakçı hüquqlarının müdafiəçisidir. Bu gün isə onların fəaliyyəti demək olar ki, görünmür”.

İ.İbrahimov deyir ki, Mərkəzi Bank bazarın inkişafını ASA-ya tapşırıb: “ASA isə tərəf olan qurumdur. Ona görə də vətəndaşı müdafiə edəcək qurum hələlik gözə dəymir. Hesab edirəm ki, artıq Mərkəzi Bankın sığortaya nəzarət edən rəhbərliyi vətəndaşları qəbul etməlidir. Bu gün artıq bir çox vətəndaşlar sığortalardan şikayəti Mərkəzi Banka deyil, məhkəmələrə edir. Bu da təəssüfləndirici haldır. Əgər belə getsə, Mərkəzi Bankın nəzarətedici funksiyası şübhə altına düşəcək. Sığorta statistikasını Mərkəzi bank aparmalıdır. Hazırda isə bu fəaliyyət görünmür. Sonuncu dəfə yanvar ayının statistikası açıqlanıb. Gələcək üçün proqnoz isə statistikanın bilinməyindən asılıdır. Bu da bilinmir”.

Sığorta eksperti Nicat Əlibəyli də mənzillərin sığortası ilə bağlı məsələyə münasibət bildirib. O, mənzillərin icbari sığortasını avtomobillərin sığortası ilə müqayisə edib: “Vəziyyət olduğu kimidir. Aktuallığını qoruyub saxlayıb. Bir zamanlar avtomobil sığortası da belə idi. 2012-ci ildə də avtomobillərin sığortası var idi. Amma 5 il sonra bir sıra cərimələr tətbiq olunmağa başladı və bu bazarda vəziyyət dəyişdi”.

N.Əlibəyli bildirib ki, hazırda onda harada daha çox mənzillərin sığortalanması ilə bağlı statistika yoxdur. Amma ekspert qeyd edir ki, ötən il illə müqayisədə bu il mənzillərin sığortalanmasında canlanma var.

Tuncay Türbəndəzadə