SIĞORTA

21 Fevral

İcbari tibbi sığorta həkimlərə və tibb bacılarına təlim keçirib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) birgə təşkilatçılığı ilə ilkin səhiyyə xidmətində “Qeyri-infeksion xəstəliklərin idarəolunması” mövzusunda keçirilən təlim bu gün yekunlaşıb.

Fins.az xəbər verir ki, təlimdə icbari tibbi sığortanın birinci mərhələdə tətbiq edildiyi 23 regiondan 23 həkim və 23 tibb bacısı iştirak edib. Üç gün davam edən təlimin əsas məqsədi ilkin səhiyyə xidməti çərçivəsində qeyri-infeksion xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası, xüsusilə hipertoniya və diabetlə bağlı tibb işçilərinin bilik və təcrübələrinin artırılması olub.

Təlim Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Tibb Universitetinin mütəxəssisləri və Türkiyə Respublikasından dəvət olunmuş ekspertlər tərəfindən aparılıb.

Qeyd edək ki, 2019-cu ilin dekabr ayında Sumqayıt şəhərində və Siyəzən rayonunda ilkin səhiyyə xidmətində çalışan tibb işçiləri üçün eyni mövzuda keçirilən təcrübi təlimlər bu sahədə bilik və bacarıqların artırılmasına daha çox ehtiyacın olduğunu göstərdi. Nəticədə təlimlərin davam etdirilməsinə qərar verildi. Təlim sayəsində həkim və tibb bacıları təlimçi kimi formalaşacaq və gələcəkdə çalışdıqları Ailə Sağlamlıq Mərkəzində digər tibb işçilərinə təlim keçə biləcəklər. Təlimlər ÜST-nin həyata keçirdiyi ilkin səhiyyə xidmətinin gücləndirilməsi layihəsinin əsas komponentlərindən biridir. Beynəlxalq təcrübədə geniş tətbiq edilən və effektivliyi sübut olunmuş ilkin səhiyyə xidməti icbari tibbi sığorta sisteminin inkişafına təkan verən mühüm sahədir.