SIĞORTA

15 Fevral

Sığorta bazarının aktual problemləri və inkişaf perspektivləri

Bu gün sığortada qarşıda duran çoxsaylı vacib vəzifələr vardır. Ən yüksək  səviyyədə bu fəaliyyət sahəsinə xüsusi diqqət ayrılması da məsələnin ciddiliyindən xəbər verir. Bununla bağlı ölkə Prezidentinin son çıxışlarında sığortanın ortamüddətli perspektivdə inkişafına dair tapşırıq və tövsiyyələri böyük əhəmiyyət kəsb edir. Bundan sonra Nazirlər Kabinetinin xüsusi toplantısında sığorta bazarının inkişafı ilə əlaqədar tədbirlərin davam etdirilməsinin və bu sahədə müsbət tendensiyaların dəstəklənməsinin də şahidi olduq. Eyni zamanda Mərkəzi Bankın rəhbərliyinin sığorta bazarının inkişaf etdirilməsinə dair səsləndirdiyi məlum fikirlər sığortaya yeni yanaşmanın sərgilənəcəyini bildirir. Əlbəttə, sığortaya dövlət tərəfindən bu qədər önəm verilməsi heç də təsadüfi deyildir. Görünən odur ki, ölkə iqtisadiyyatı hələ də sığortadan istədiyini ala bilmir.

Bəs sığortadan gözləntilər nədən ibarətdir?

Qeyd etməliyik ki, sığorta sektoru ölkə iqtisadiyyatının inkişafına öz samballı töhfəsini verməlidir. Bəlli bir həqiqətdir ki, digər post-sovet ölkələrində olduğu kimi, Azərbaycanın da sığorta bazarının inkişaf tendensiyası bir sıra vacib amillərlə bağlıdır - ölkədə mövcud olan ümumi sosial-iqtisadi şərait, müştərilərin ödəniş qabiliyyətliliyi, qanunvericiliyin cari durumu, dövlət tənzimlənməsinin kəsərliliyi və s. Lakin elə nəticə çıxarılmamalıdır ki, indiyədək bu sahədə heç bir nəticə əldə edilməyib. İndi biz sığorta bazarının mövcud durumunun 15-20 il bundan öncəki bazarla eyni olduğunu deyə bilmərik. Əlbəttə, müəyyən müsbət dinamika, müsbət nəticələr var. O zaman nədən dövlət Başçısı sığortanın indiki səviyyəsini qənaətbəxş hesab etmir və onun daha da inkişaf etdirilməli olduğunu təkrar-təkrar vurğulayır?! Təbiidir ki, hər bir fəaliyyət sahəsində olduğu kimi sığorta xidmətində də kiçik icra xətaları, taktiki nöqsan və çatışmazlıqlar vardır.  Və heç bir şübhə yoxdur ki, mövcud yanlışlıqlar, icra uyğunsuzluqları vaxt keçdikcə ələnərək, saflaşacaq və ən yaxşı dünya nümunələrinə daha da yaxınlaşacaqdır. Bu, təbii bir prosesdir. Dövlətimizin başçısı ölkəmizdə sığorta bazarının, o cümlədən sığorta sahibkarlığının inkişafını ciddi şəkildə əngəlləyən böyük problemlərə diqqət çəkir. Məlumdur ki,  sığorta bazarının potensialını göstərən vacib makroiqtisadi göstəricilərin həcmi də hələ ki, arzu olunan səviyyədə deyildir.

Yuxarıda da qeyd etdiyimiz kimi, sığorta bazarı ölkə iqtisadiyyatının inkişafında vacib rol oynamalıdır. Bunun isbata ehtiyacı yoxdur. AMB-nin sədri qeyd edir ki, ‘sığorta şirkətləri problemləri özləri həll etməlidir’. Məncə bu fikir yalnız üzdə olan problemlərə, o cümlədən, sığorta hadisələrinin düzgün tənzim edilməsi, müştəri narazılıqlarının aradan qaldırılması, vətəndaşların maarifləndirilməsi və bu qəbildən olan digər məsələlərə aid edilə bilər. Aysberqin görünməyən tərəflərinə də diqqət ayırmaq gərəkdir, çünki milli sığorta bazarı adlı bir işin daha dərin problemləri vardır, hansı ki çoxunun həlli bir tək sığortaçılardan asılı deyildir: sığortada uzunmüddətli investisiya resusrslarının akkumulyasiyası, həm də onun dinamik artım tendensiyası təmin edilməlidir; sosial müdafiə aləti kimi həyat sığortası daha da inkişaf etdirilməlidir; icbari sığorta xidmətindəki nöqsanlar aradan qaldırılmalı və sistem tam təkmilləşdirilməlidir; əhalinin sığorta təşkilatlarına inamının artırılması və sığorta münasibətlərinin bütün subyektlərinin sığorta mədəniyyətinin yüksəldilməsi istiqamətində işlər inadla davam etdirilməlidir; mükəmməl, daimi və sistemli fəaliyyət göstərən sığorta təhsil sistemi yaradılmalıdır, ən yaxşı beynəlxalq təcrübə əsasında sığorta nəzarətinin təkmilləşdirilməsi davam etdirilməlidir; vətəndaşların, hüquqi şəxslərin və dövlətin sığorta müdafiəsi üzrə tələblərinin daha dolğun təmin edilməsi məqsədilə bundan əvvəl qəbul edilmiş “Tədbirlər planını”nın həyata keçirilməsi istiqamətində işlərin səmərəliliyi artırılmalıdır və sair və ilaxır. Gəlin, yuxarıda tezis kimi sadalanan və sadalanmayan bəzi məqamlara dair fikir və mülahizələrimizi bir az ətraflı şəkildə davam etdirək.

İlk olaraq, onu qeyd etmək lazımdır ki, ÜDM-in strukturunda sığortanın payı cüzi olaraq qalmaqdadır. Məsələn, əgər biz 2003-cü ildən bu günədək  bütövlükdə Azərbaycan iqtisadiyyatının 3,4 dəfə artığını təsdiq ediriksə, bu artımda sığortanın xüsusi çəkisinin arzu olunduğundan dəfələrlə aşağı olduğunu da görməliyik. Belə ki, sığorta haqlarının ÜDM-də xüsusi çəkisi hələ də 1,0% göstəricisini aşa bilmir. Əgər bu sahədə Avropa Birliyi ölkələri ilə paralellər aparsaq, o halda görərik ki, onlarda bu göstərici 5%-dən 16%-dək dəyişir. Mərkəzi və Şərqi Avropa ölkələrində isə təxminən 5% civarındadır. Ölkəmizdə adambaşına düşən sığorta haqqının həcmi 68 manat, və ya 40 ABŞ dolları (Yeri gəlmişkən, burada geriləmə var, belə ki, 2018-ci ilin nəticələrinə görə bu göstərici 73 manat, və ya 43 ABŞ dolları miqdarında olmuşdur) təşkil edir ki, bu göstərici, hətta nefti, qazı olmayan, lakin əhalisi bizim qədər olan Belarusdan da az, ABŞ, Yaponiya, Mərkəzi və Şərqi Avropa ölkələrindəkindən isə dəfələrlə aşağıdır. Məsələn, ABŞ-da orta sığorta haqqı adambaşına 2000, Yaponiyada  4500, İsveçrədə  isə 7000 dollar təşkil edir.                             

 İndi özünüz müqayisə aparın. İkincisi, Respublikada sığorta bazarının kapitallaşması aşağı səviyyədədir. Bu problem sonda sığorta şirkətlərinin risk qəbuletmə imkanlarının məhdudlaşması ilə nəticələnir. Kifayət qədər kapitallaşmama, əslində sığorta işində qeyri-sabitliyin əsas səbəblərindən biridir desək, heç də yanılmış olmarıq. Hazırda ölkə üzrə bütün sığortaçıların nizamnamə kapitalının məcmu məbləği təxminən 300 milyon manat civarındadır. Bu məbləğ, orta səviyyəli bir Avropa sığortaçısının kapitalı ilə müqayisə də kifayət qədər aşağıdır. Məsələn, “Swiss Life” sığorta şirkətinin səhm kapitalı təxminən 700 milyon Avro məbləğindədir. Kapitallaşma ilə yanaşı sığorta ehtiyatlarının yaradılması da sığortaçının ən vacib vəzifələrindəndir. Həmin ehtiyatlar hər bir sığorta növü üzrə toplanan sığorta haqları hesabına ayrı-ayrılıqda formalaşdırılır.

Sığorta ehtiyatlarında dövlətimizin iqtisadiyyatı üçün vacib olan ciddi kredit resursları toplanmalıdır. Sığortaçı öz resurslarını müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada investisiyaya yönltməlidir ki, bu da nəticə  etibarı ilə maraqlı sahibkarın istifadəsi üçün mühüm maliyyə mənbəyinə çevrilə bilsin. Lakin burada da durum ürəkaçan deyildir. Əvvəla, əksər sığortaçıların öz ‘doğma’ bankları vardır ki, maliyyə resurslarının çoxunu da istər-istəməz həmin banklarda yerləşdirməli olurlar. Bu yönümdə kədərli yaxın tarix hamının yadındadır: Beynəlxalq bankdakı məlum hadisələr Beynəlxalq sığortanın sonunu gətirdi; Standart bankın mənzum taleyi Standart sığortanı çətin duruma saldı; Ata bankda gedən proseslər hansı sürprizlər gətirəcək, bir Allah bilir və s. Uzun sözün qısası, ölkə sığortaçıları müstəqil maliyyə və investisiya siyasəti yürüdə bilmirlər. Sığortaçının rezervləri düzgün diversifikasiya olunmalıdır ki, (qanunun tələbi ilə) az riskli, mənfəətli, likvidli və qaytarıla bilən olsun, bu, məlum normadır.

Sual olunur, bizim başı bəlalı sığortaçılarımızın kağız üzərində göz çıxaran bu rezervlərində lazımı qədər faktiki pul görünürmü? Çətin ki! Diversifikasiya normalarına düzgün əməl etməyən sığortaçıların məcmu kapitalında da problemlər yaranır. Məcmu kapitalının həcmində problemləri olan sığortaçının risk qəbul etmə imkanları da məhdudlaşır, bu səbəbdən təkrarsığortaya ötürməni artırmalı olur, gəliri azalır, fondlara ayırmaları azalır. Nəticə etibarı ilə şirkətin xalis mənfəəti, səhmdarların divident payı azalır. Dövlət büdcəsinə ödəniləcək vergilərin həcmi aşağı düşür və s.  Sonda uduzan tərəf  də zavallı sığortalı olur. Belə ki, maliyyə durumuna həsəd aparılmayan sığortaçı zərərə görə ona çatası kompensasiya məbləğıni bütün mümkün yollarla azaltmağa çalışır və ya digər hallarda cürbəcür bəhanələrlə ödənişdən imtina edir.

Necə etməli? Xərcləri yerə-göyə sığışmayan, agentləri at oynadan və özünü sanki səhmdarın şəriki kimi aparan, fondları boşuruğu olan sığortaçıdan bundan artığını  gözləməyinə dəyərmi?! Agentinə 35-40 faiz komissiya verən, ‘yoğurub-yapmadan hazır kökə tapmış’, yuxarıdan göndərilmiş müdir-menecer heyətinin xidməti avtomobil və sair xərclərini  qarşılayan, öncədən dəqiq  görünməyən saysız-hesabsız digər lüzumsuz məsrəfləri qarşılayan bədbəxt sığortaçının fondlarında pulmu olar?! Bilirəm, yuxarıdakı cümlələri oxuyanda sizdə belə bir haqlı sual doğacaq: Əgər bunlar faktdırsa, o zaman sığortaçının daxili auditorları, aktuari heyəti, təftiş komissiyası haraya baxır?! Məgər onlar sığortaçının maliyyə təhlükəsizliyinə və ödəniş qabiliyyətliliyinə görə həm dövlət, həm də təsisçi qarşısında birbaşa cavabdehlik daşımırlarmı?! Bu barədə də yazası olsaq, mövzu çox uzanacaq. Odur ki, onu oxucuların mülahizəsinə buraxıram. Digər bir problem sığortaçılar arasında azad rəqabət mühitinin olmamasıdır. Nə qədər təəssüf doğursa da, bu, ən böyük problemlərdən biri olaraq qalmaqdadır. Sığorta sahibkarlığı xarici investorlar üçün cəlbedici deyildir.

Yeganə xarici kapitallı sığortaçı olan AXA MBASK-ın bazarı hansı səbəbdən tərk etməsi haqqında bir dənə də olsun sanballı iqtisadçı təhlili aparılmamışdı. Ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərinin normal tətbiqindən söhbət belə gedə bilməz.  Bütün bunlar isə nəticədə sığorta tariflərinin yüksəlməsinə səbəb olur, yeni sığorta məhsullarının işlənməsinə marağı azaldır, göstərilən xidmətin maya dəyərinə, keyfiyyətinə və operativliyinə mənfi təsir göstərir. Rəqabət mühitinin inkişaf etdirilməsi məqsədilə bütün sığortaçılar üçün bərabər imkanların yaradılmasına və xarici kapitalın milli sığorta bazarında iştirak imkanlarının genişləndiriliməsinə yönəlik  tədbirlər görülməlidir. Normal rəqabət mühitinin yaradılması isə Azərbaycan reallıqlarında o qədər də asan məsələ kimi görünmür və bu, yalnız bir sıra kompleks tədbirlərin həyata keçirilməsi nəticəsində mümkün ola bilər: - milli sığorta və təkrarsığorta sisteminin mərhələli şəkildə liberallaşdırılması; - sığorta təşkilatlarının fəaliyyəti haqqında məlumat açıqlığının təmin edilməsi; -sığortaçılar arasında rəqabətin stimullaşdırılması üçün reytinq qiymətləndirmə sisteminin qurulması və s. Mübaliğəsiz qeyd etmək lazımdır ki, sivil sığorta bazarlarının başlıca səciyyəsi vasitəçilik fəaliyyətinin inkişafı ilə bağlıdır. İnkişaf etmiş sığorta bazarlarında vasitəçilik fəaliyyətinin yeri və rolunun keyfiyyət tərəfi az əhəmiyyət kəsb etmir. Məlumdur ki, müasir sivil sığorta bazarı onun iştirakçılarının inam və etmadı üzərində qurulur. Bu cür etimadın yaradılması, saxlanılması və möhkəmləndirilməsi  heç də kortəbii bir proses deyildir, bu, müəyyən bazar mexanizmlərinin məqsədyönlü şəkildə işləməsi, bazarın iştirakçıları arasında güvən, sığorta münasibətlərindəki maraqların uzlaşdırılmasının nəticəsidir. Bizdə də, milli sığortaçılığımızın inkişafı naminə müvafiq iqtisadi düşüncə səviyyəsinə malik yüksək ixtisaslı kadrların, o cümlədən sığorta vasitəçilərinin olmasının vacibliyini də bir daha təkrarlamalı oluruq. Üstəgəl, bu sahədə öhdəlikli olan hər kəs üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir. Sığorta bazarının hazırkı mürəkkəb durumu maliyyə ombudsmanı institutunun yaradılması məsələsini yenə də ön plana çıxarır. Təbii ki, əgər əsas məqsəd, lazım gəldikdə,  sığortaçı ilə sığortalını barışdırmaq, onların arasında baş qaldıran mübahisələri azaltmaq və haqlı iddiaları sivil yolla həll etməkdən ibarətdirsə, o zaman, bunu məhəkəməyə qədərki mərhələdə həll etmək lazımdır. Maliyyə ombudsman institunun yaradılması bu problemin həllində ən kəsərli alət ola bilər. Desək ki, bu sahədə işlər sıfır səviyyəsindədir, bu, haqsızlıq olardı. Hazırda fərdi hüquqşünaslar və yardımçı kimi fəaliyyət göstərən bəzi hüquq firmaları “sığorta hüquqpozmaları” yönümündə müəyyən işlər görməkdədirlər. Bildiyiniz kimi, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu cari ilin iyulun 1-dən qüvvəyə minir. İndi mediada yayılan məlumatlardan göründüyü kimi artıq MMC kimi mediasiya mərkəzləri də yardılır və dövlət qeydiyyatından keçirilir. Lakin adının necə qoyulmasından asılı olmayaraq (qoy bu, heç ombudsman adlandırılmasın), sözü gedən bu qurum(lar) nəticə etibarı ilə sığortada müştəri məmnuniyyətinin artırılmasına xidmət etməlidir. Bu qurum(lar) konfliktlərin səviyyəsini aşağı salmalı, zərərlərin tənzimlənməsi prosedurunu sürətləndirməli və bütövlükdə istehlakçıların hüquqlarının daha mükəmməl şəkildə qorunması istiqamətində xidmət göstərməlidir. Gəlin inanaq ki, mediasiya mexanizmlərindən istifadə bir tərəfdən məhkəmələrin yükünü azaldacaq, digər tərəfədən sığortaya inam və etimadı yüksəldəcəkdir. Məgər sonuncu hər bir sığortaçının əsas fəaliyyət devizi deyilmi?! Göründüyü kimi, milli sığorta bazarında həllini gözləyən və yuxarıda hamısını əhatə edə bilmədiyimiz aktual problemlər qalmaqdadır. Bununla belə, ölkəmizin sığorta sistemində müşahidə edilən son dəyişikliklər işlərin müsbətə doğru dəyişəcəyinə inamı artırır. İcbari tibbi sığortanın tətbiqi, Aqrar sığorta mexanizminin işlənməsi, MB və ASA-nın iş tandeminin səmərəliliyinə səylər bu sahədə hərəkətliliyin olduğunu göstərir. Bununla belə hələ çoxsaylı problemlərin olmasını da inkar etmək olmaz. Biz də öz növbəmizdə mövcud problemləri təkrar-təkrar xatırlatmalı və yaddaşlarda yeniləməliyik ki, bundan sonra daha nələrin edilməli olduğunu dəqiq görə bilək. Bu yerdə əfsanəvi fransız generalı və sonradan prezidenti olmuş Şarl de Qolun məşhur deyimi yerinə düşür: “Əgər siz problemləri həll edə bilmirsinizsə, heç olmasa onları gündəmdə saxlayın”. Gəlin, sığortada yığılmış problemləri həmişə gündəmdə saxlayaq. Havadan-zəlzələdən hələ ki, biz onların dərhal və nöqsansız həllinə nail ola bilmirik. Lakin əgər biz ölkəmisdə sığortanın normallaşmasını istəyiriksə, gec-tez problemlərin düzgün çözümü yolunu tapmalıyıq. O zaman  sığorta bazarı da,  bir yazarın təbirincə desək, ‘nehrə kimi çalxalanar, yağı yağ, ayranı da ayran olar’. Hörmətli oxucu, əminəm ki, siz bu yazının müəllifini “gerçək durumdan bixəbər, sadəlöhv” yazar saymayacaqsınız. Proseslərin içərisində olanlar, o cümlədən mən, hər şeydən xəbərdarıq və nəyin necə olmalı olduğunu gözəl bilirik. Bəs, necə olsun, əlimizi əlimizin üstünə qoyaq, heç bir iş görməyək?! Xeyr, hər necə də olsa, nəsə etməliyik və bu yönümdə sığorta sektorunun  iştirakçıları kimi bizim də üzərimizə müəyyən vəzifələr düşür. Hələ nəzarət sistemimiz də növbəti dəfə dəyişdi. Özəl sığortaçılığın 28-ci  ilində sayca 4-cü dəfə! İndi Mərkəzi Bank da milli sığorta bazarının inkişafı və sağlamlaşdırılması istiqamətində Azərbaycan Sığortaçılar Assosiasiyası ilə kompleks tədbirlər hazırlayır.

Gəlin, ümidimizi itirməyək və bir qədər nikbin olaq! Və aqillərdən birinin dediyini də unutmayaq: ‘Hələ bədbinlik heç bir döyüşdən qalib çıxmayıb!’

Sığorta eksperti Şükür Hüseynov