Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin dayandırılması və bu tibb müəssisəsində çalışanların işdən azad olunması ilə bağlı bəzi sosial şəbəkələrdə yayılan məlumatlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) münasibət bildirib.
Dövlət agentliyindən Fins.az-a daxil olan məlumatda deyilir: “Xudat Şəhər Xəstəxanasının fəaliyyətinin dayandırılması və bu tibb müəssisəsində çalışanların işdən azad olunması ilə bağlı bəzi sosial şəbəkə hesablarında əsassız məlumatlar yayılmışdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bununla əlaqədar bildirir ki, agentliyin nümayəndələri tərəfindən Xudat Şəhər Xəstəxanasının yerləşdiyi binaya baxış zamanı xəstəxananın vəziyyətinin əhaliyə xidmət baxımından qənaətbəxş olmadığı müəyyən edilib və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
Bir daha qeyd edirik ki, ölkədə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrində ixtisarların aparılması nəzərdə tutulmayıb. Əksinə icbari tibbi sığortanın tətbiqi çərçivəsində tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, eləcə də tibb işçilərinin əməkhaqlarına əlavələrin hesablanması qaydası təsdiqlənib”.