Fins.az PASHA Həyat Sığorta ASC-nin Məsul Aktuarisi, IAA AWB – (Beynəlxalq Aktuarlar Assosiasiyasının Sərhədsiz Aktuarlar hissəsinin üzvü, keçmiş İdarə Heyyətinin) üzvü, BAA-nın Avrasiya və Orta Şərq komitəsinin, IAA ASTIN (BAA-nın qeyri-həyat komitəsinin) üzvü Dilarə Əsədova ilə müsahibəni təqdim edir.
Həyat sığortasında işləyərkən sizin Qeyri-həyat komitəsinin üzvü olmağınız maraqlı faktdır.
İlk növbədə qeyd etməliyəm ki, inkişaf edən sığorta bazarında həyat sığortasının bəzi növləri inkişaf etmiş ölkələrin qeyri-həyat sığortasına aid olur. Məsələn, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” fəaliyyətindən asılı olması ilə əlaqədar başqa ölkələrdə qeyri-həyat sığortası sayılır. Azərbaycanda, 2008-ci ildə qüvvəyə minən Sığorta fəaliyyəti haqqında qanuna əsasən 3 il ərzində Həyat və qeyri-həyat sığortası üzrə fəaliyyətin ayrılması həyata keçirilməli, yəni ən geci 2011-ci ildən etibarən istənilən sığorta şirkəti ya həyat ya da qeyi-həyat sığorta üzrə fəaliyyət göstərməli idi. Elə həmin vaxt İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanun qüvvəyə minir və həyat sığortası növü kimi qəbul edilir. Bu Həyat sığortasının ayrı növ kimi yaradılmasına təkan verdi. O andan etibarən, Azərbaycanda hər işləyən şəxs, işəgötürən tərəfindən sığortalanmışdı. Bundan sonra, Həyat sığortası üzrə Kreditgötürən şəxslərin sığortası, Yığım sığorta növləri və s. uzunmüddətli mürəkkəb növlər inkişaf etməyə başladı.Lakin, mənim ASTIN üzvü olmağımın səbəbi başqadır. Keçən il əslən gürcü olan İsveçrədən bir aktuari xanım, İrina Sixarulidze öz vətənində aktuari fəaliyyətini inkişaf etdirmək üçün Beynəlxalq Aktuarlar Assosiasiyasına müraciət edib. Oradan isə mənim region üzrə nümayəndə olmağıma görə mənə müraciət edilib. Beləliklə, biz İrina ilə birgə işə başlayıb, 2019-cu ilin oktyabr ayında Tbilisidə ASTIN ilk Qafqaz üzrə konfrasını təşkil etdik. İnanıram ki, bu region üçün davamlı və faydalı layihələrdən biri olacaq.
Azərbaycanın sığorta sektorunu hazırda necə görürsünüz? Nə təklif edərdiniz?
Sığorta sektoru birbaşa ölkənin iqtisadiyyatından asılı olan bir sahədir. Burada banklara nisbətdə daha aşağı məbləğlər olduğuna görə, uzun müddət bank sahəsinin inkişaf etməsinə daha böyük önəm verilirdi. Sığorta nəzarətinin Mərkəzi Banka keçirilməsi artıq sığorta sektoruna əvvəlkindən daha böyük önəm verilməsini əks etdirir.
Sığorta sektoru xidmətində hansı problemlər var? Onları necə düzəltmək olar?
Hazırda ölkəmizdə sığorta sektorunun əsas problemlərindən biri müştərilərin sığortaya ehtiyatla yanaşmasıdır. Yeni icbari sığorta növləri yaradılan zaman, əhali buna gərəksiz əlavə xərclər kimi baxır. Sığortaya inam qazandırmaq əsasən sığortaçılar və sığorta requlyatoru üzərinə düşür. Sığorta hadisələri düzgün tənzimlənərkən, sığorta olunanlar başa düşür ki, bu mexanizm işləyir. Sığorta məhsullarının satışı və müqavilələrin bağlanılması zamanı, şərtlər müştərilərə sadə başadüşülən dil ilə açıq və aydın göstərilməlidir. Sığorta ödənişi imtina olunduqda bunun səbəbləri faydalanan şəxsə kifayət qədət açıqlanmalıdır. Bu beynəlxalq sığorta prinsiplərinin əsas qaydalarıdır. Mən əminəm ki, artıq hər sürücü icbari avtomobil sığortasının, hər işçi işçilərin icbari sığortasının real işləyən mexanizm olmasını bilir. Vaxt keçdikcə, mövcud sığorta məhsulları öz faydasını sübut edərkən, sığortaya inam çoxalacaq.
Prezident İlham Əliyev sığorta ilə bağlı çıxışında bildirib ki, bu sahə daha çox maarifləndirilməlidir. Sizcə, sığorta şirkətləri bunu necə etsin?
Elə əvvəlki suala cavab verdiyim kimi, ilk növbədə sığorta mexanizmi əhali tərəfindən etimad qazandıqca ona maraq da çoxalacaq. Bundan başqa satış kanalları inkişaf etməlidir. Bəzi sığorta növləri bank vasitəsilə və ya iş yerlərində satılır. Burada bank və işəgötürən potensial müştəriyə doğru və etibarlı məlumat çatdırmalıdır. Əlbəttə ki, medianın rolu böyükdür. Bu səbəbdən sizin bununla maraqlanmağınıza görə minnətdarlığımı bildirmək istərdim.
Siz Yaponiyada tədbirdə iştirak etmisiniz. Tədbirlə bağlı məlumat verərdiniz, mümkünsə.
Bəli, Yaponiyanın paytaxtı Tokio şəhərində Beynəlxalq Aktuarlar Assosiasiyasının görüşündə iştirak etmişdim. Bu görüşlər komitə üzvləri arasında hər yarım ildən bir keçirilir. Azərbaycan da, dünyanın bir çox ölkəsi kimi Beynəlxalq Aktuarlar Assosiasiyası üzvüdür. Aktuariata aid olan bütün sahələrdə komitələrin iclasları keçirilir. Bu aktuari könüllülərdən ibarət olan çox mürəkkəb və maraqlı bir platformadır. Görüşlər zamanı mən Azərbaycan və regionun başqa ölkələri haqqında komitələri maraqlandıran məlumatlar verirəm. Məsələn, bu dəfə Azərbaycanın yaşama statistikası haqqında hesabat vermişdim. Komitələrin üzvü olmaqdan qabaq mən heç vaxt fikirləşməzdim ki, Beynəlxalq Assosiasiyanın ölkəmizə belə böyük marağı və professional bilikləri bölüşməyə istək olacaq. Bu fürsətdən istifadə edərkən, bizim aktuarlar üçün də faydalı konfrans və seminar təşkil edirik. 2015-ci ildə həmkarım ilə Bakıda Avrasiya və Orta Şərq komitəsinin konfransını təşkil etmişdik. 2019-cu ilin axırında AWB Sərhədsiz Aktuarlar komitəsi ilə birgə Azərbaycan aktuariləri üçün konfrans çərçivəsində beynəlxalq təcrübəli aktuari Karlos Aroça Solvency II və Risk üzrə iki günlük seminar keçirtdi.Professional görüşlərdən, araşdırmalardan başqa BAA-nın görüşləri dünyanın çox ölkələrini bir araya gətirən bir platformadır. Ona görə Azərbaycanı layiqincə təmsil etmək vacibdir. Artıq yalınız bizi yaxşı tanıyan Rusiya, Türkiyə ölkələrindən başqa ABŞ, Livan, Almaniya, İsveçrə, Estoniyadan Azərbaycana aktuar qonaqlar gəlmişdi. Bu yaz isə Böyük Britaniya və Avstraliyadan qonaqları gözləyirik. Kifayət qədər məsafəni keçərək öz məzuniyyətlərini Azərbaycanda keçirtmək, bizim mədəniyyəti yaxından tanımaq istəməkləri mənim üçün fəxredici bir haldır. Mən çox istərdim ki, ölkədən xaricə gedən hər azərbaycanlı vətəninə sevgisini əcnəbilərlə elə bölüşsün ki, onlar da Azərbaycanımızı sevsin.
Sığorta sahəsində ən çox ekspertlər və bəzi agentlər tanınır (Sığorta mövzusu olanda ən çox onlardan rəy alırlar). Niyə, aktuari, anderayter, tanınmır?
Aktuarilər risk və qeyri-müəyyənliyin ölçülməsi və idarə edilməsi ilə məşğul olan, iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssislərdir. Sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri, müstəqil auditorlar, müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər ilə yanaşı aktuarilər sığorta bazarının peşəkar iştirakçılarıdır.Anderrayterlər zərər və ya maliyyə itkisi olduqda ödənişin təmin edilməsini təmin edir və bu zəmanətdən irəli gələn məsuliyyət üçün maliyyə riskini qəbul edən mütəxəssislərdir. Əhali adətən satış nümayəndələri ilə və agentlərlə tanış olur. Bu şəxslər sığorta məhsulları ilə tanış edir və sığorta müqavilələri bağlayır. Aktuarilər və anderrayterlər isə sığorta üçün spesifik back-office sahələrdir. Bundan başqa, saylarına görə də böyük fərq var. Məsələn, Azərbaycanda hazırda 10 milyonluq əhali qarşısında yalnız 60 nəfər aktuari var.
Beynəlxalq Aktuarlar Assosiasiyasının 2018-2020 illər üzrə sədrlər.
Qeyd etdiyim kimi, Azərbaycanda aktuari peşəsi ilə məşğul olan 60-a yaxın mütəxəssis var. Əslində ölkənin 10 milyonluq əhalisi qarşısında bundan iki-üç qat çox aktuari olmalıdır. Hər sığorta şirkətində müxtəlif sahələrdə aktuari biliklərinə malik olan mütəxəssislər olmalıdır. Məsələn, PAŞA Həyat Sığorta şirkətində aktuariat sahəsinə daim yüksək dəyər verilib. Burada aktuarilər ehtiyatların hesablanması və qiymətləndirmə şöbələrindən başqa həm risklərin idarəedilməsi, strateqiya, sığorta hadisələrinin tənzimlənməsi şöbələrində fəaliyyət göstərir. Biz həm şirkətimiz, həmçinin ölkəmizin maliyyə sektoru üçün akturalarilərin nə qədər vacib olduğunu anlayırıq və yeni aktuarlar yetişdirməyə planlaşdırırıq.Aktuarilərin kəmiyyətini artıranda bizim qarşımızda əsas məqsəd aktuari təhsilinin keyfiyyətin saxlanılması və daha da inkişaf etdirilməsidir. Azərbaycan Aktuarlar Assosiasiyası 12 il bundan qabaq yaradılan zaman 6 mərhələli dərin kurs keçirilirdi. Bir neçə il nəticəsində 30 aktuari bu kursları keçib. Dünya dəyişir, biz də dəyişməliyik, yeni aktuarilərimiz ABŞ-da istifadə olunan və artıq bütün dünyaya yayılan SOA, CAS proqramları ilə hazırlaşır. Həmin proqram üzrə kurslar təşkil olunur, kursun sonunda daxili imtahanlar verilir. Bu biliklərlə aktuarlarımız artıq beynəlxalq imtahanları verir. Hələ ki Maliyyə Riyaziyyatı (Financial Mathematics) və Ehtimal Nəzəriyyəsi (Probability) kurslar keçirilib. Aktuari sahəsi kifayət qədər çətin bir sahədir, elə buna görə ABŞ-da kvalifikasiyalı aktuari illərcə ən çox əmək haqqı alanların siyahısındadır.Yaxın gələcəkdə Dünyada IFRS 17 və Solvency II yeni hesabat normativlərinin tətbiqi gözlənilir. Bu isə artıq banklarda da aktuarilərə ehtiyac yaradacaq.Ən sevindirici hal, bizim aktuarilər başqa ölkələrə gedərkən, Assosiasiyanın üzvləri olaraq qalır və mümkün qədər faydalı olmağa çalışır. Stiv Cobs dediyi kimi, “Biznesdə möhtəşəm işlər heç vaxt bir adam tərəfindən olunmur, bir qrup insan tərəfindən həyata keçirilir”.
Bildiyimə görə, siz həm də intellektual oyunlarda iştirak edirsiz. Orada sığorta mövzusunda hansı maraqlı suallar düşüb?
Belə diqqətli olmağınıza görə çox sağ olun. Bəli, mən universitet vaxtından intellektual oyunlarda iştirak edirəm. Əvvəl bu oyunlarda yalnız professional oyunçular iştirak edirdi. Çox sevindirici haldır ki, hazırda Bakıda belə oyunlara get-gedə maraq artır. Cabanga, Fibonacci, Pubquiz, Zaquizka, Jumanji oyunları şəhərin müxtəlif məkanlarında keçirilərək artıq populyar bir istirahət növünə çevirilir. Professional oyunçular bu təşəbbüsü regionlarda da məktəblilər və tələbələr arasında yayırlar. Gənclər günündə, Gənclər Fondunun təşəbbüsü ilə ümumxalq çempionat keçirilmişdi, orada təqribi 2000 nəfər iştirak etmişdi.
Müxtəlif sahələrdən maraqlı suallar olur. Burada həm bilik, həm məntiq istifadə etmək lazımdır. Sığorta haqqında ən yadda qalan sual belə idi. “Dünyanın bütün sığorta şirkətlərinin qara siyahısında olan məşhur aktyor kimdir?” Sizə və oxuculara təklif edirəm, dostları, həmkarları ilə komanda yığıb bu oyunlarda iştirak etsinlər
Tuncay Türbəndəzadə