SIĞORTA

04 Fevral

Sığorta şirkətlərinin sədrləri TOPLAŞDI

Yanvar ayının son günündə Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin ali idarəetmə orqanı olan Ümumi Yığıncağın iclası baş tutub.

Fins.az xəbər verir ki, 22 Sığorta şirkətinin sədr və sədr müavinlərinin iştirakı ilə keçirilən iclasda ASA İB-nin 2019-cu ildə gördüyü işlər və “Qarşısıalınma tədbirləri fondunda yığılan vəsaitlərin istifadə olunması təyinatları” üzrə Memoranduma dair “Məsafə saxla” layihəsi ilə bağlı hesabatlar, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin 2019-cu il üzrə görülmüş işlərə dair hesabatlar, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin 2020-ci il üzrə Tədbirlər Planı, İB-nin Müşahidə Şurasının üzvlərinin yenidən təyin edilməsi, İB-nin üzvü olan Sığorta vasitəçilərinin üzvlükdən çıxarılması, eləcə də qurumun Nizamnaməsinin yeni redaksiyasının təsdiqlənməsi  məsələləri müzakirə edilib.

İclasın nəticəsi olaraq Müşahidə Şurasına AXA MBASK şirkəti əvəzinə “Qala Sığorta” ASC-nin üzvlüyü təsdiqləndi.

İclas zamanı diqqət yönəldilən əsas məsələlərdən biri də Qurumun Tədbirlər planı olub. 2020-ci il üçün təsdiq edilən plan üzrə qanunverilik, sığrota sahəsində  maarifləndirmə, təlim kurslarının və layihələrin həyata keçirilməsi üzrə işlərin davam etdirilməsi qərara alınıb. Qəbul edilən yeni qərarlar sırasında ASA İB-nin üzvlüyündən çıxarılan sığorta vasitəçiləri ilə fərqli formatda fəaliyyətin davam etdiriləcəyi də yer alıb.

Bununla yanaşı Azərbaycan Sığortaçılar Assosiasiyasının Nizamnaməsinin yeni redaksiyası müzakirə olunub.

ASA ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-hökumət təşkilatıdır. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 21 sığorta şirkəti və 1 təkrarsığorta şirkəti “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin üzvüdür.