SIĞORTA

31 Yanvar

İcbari tibbi sığorta tətbiq ediləndən sonra minlərlə adam xəstəxanalara müraciət edir

Bir aydır ki, ölkəmizin şimal bölgəsində icbari tibbi sığorta sisteminin tətbiqi edilir və onun ilkin nəticələri qənaətbəxşdir. Həmin bölgədə tibb müəssisələrinə müraciətlərin sayı iki dəfədən çox artıb, hətta bəzi rayonlarda üç dəfəyə yaxındır. Artıq bahalı əməliyyatlarla əlaqədar 700-ə yaxın müraciət edilib.

Fins.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov jurnalistlərə verdiyi müsahibədə deyib.

Departament rəhbəri bildirib ki, açıq ürək əməliyyatları və ağır nevroloji əməliyyatları sığorta təminatındadır: “Həmin xəstəliklərlə əlaqədar hər gün agentliyə və tibb müəssisələrinə 20-30 müraciət daxil olur və onların müalicəsi ilə əlaqədar tədbirlər həyata keçirilir. Baha qiymətə başa gələn əməliyyatların sayı ay başa çatandan sonra məlum olacaq. Lakin gündəlik müraciətlərdə üç dəfəyə yaxın artım olduğunu söyləmək olar. Stasionar şəraitdə müalicə olunan xəstələrin sayında da minimum iki dəfə artım var”.

“Ailə həkimlərinə təhkim olunma qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Həmin qaydalara əsasən hər bir ailə həkiminə 18 yaşından yuxarı olan vətəndaşlara və 18 yaşdan aşağı olanlara təhkim olunma qaydası öz əksini tapacaq. Vətəndaş tibbi xidmətə müraciət etdikdə ilk müraciət edəcəyi ailə həkimi, ilkin səhiyyə müəssisəsi olmalıdır. Hər ailə həkiminə 1800-2500 nəfər, 18 yaşından aşağı olanlara ayrılan pediatrlara 800-ə qədər uşaq təhkim olunacağı gözlənilir”, - deyə Vüqar Qurbanov deyib.