Qan dövranı sistemi xəstəliklərinin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatına daxildir.
İcbari tibbi sığortanın xidmətlər zərfi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiqlənib. Xidmətlər zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən Fins.az-a bildirilib ki, xidmətlər zərfinə təminata alınan stasionar tibbi xidmətlər stasionar cərrahi və stasionar terapevtik tibbi xidmətlərdən ibarətdir. Stasionar cərrahi xidmətlərin sayını 950 qruplaşdırılmış xidmət təşkil edir. Təminata alınmış əməliyyatlar sırasında həyati vacib, dəyəri yüksək olan əməliyyatlar əhali üçün böyük əhəmiyyət kəsb edir. Məsələn, anevrizma əməliyyatları, baş-beyin və beyin qişalarında aparılan əməliyyatlar, aorta-koronar şuntlama əməliyyatı, anadangəlmə ürək qüsurları, koxlear implantasiya, oynaq endoprotezlərin yerləşdirilməsi və s. Xidmətlər zərfində təminata alınan stasionar terapevtik xidmətlərin sayını 3510 diaqnoz əsasında qruplaşdırılmış 255 xidmət təşkil edir. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatına alınıb. Məsələn, qan dövranı sistemi xəstəlikləri - miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, serebrovaskulyar xəstəliklər və s.
Təminata alınmış əməliyyatlar sırasında sayı 150 xidmətdən çox olan həyati vacib, dəyəri yüksək olan əməliyyatlar da daxildir.