SIĞORTA

22 Yanvar

Bu günə olan kirayə mənzillərin satışınının vəziyyəti - ARAŞDIRMA

2019-cu ilin 25 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında Fərman imzaladı. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bu Fərmandan irəli gələn məsələləri həll etməli idi.

Fins.az-ın araşdırmasına görə, fərman minlərlə evsiz, aztəminatlı ailədə ümid işığı yandırdı. İpoteka və Kredit Zəmanət Fondu ötən il boyu vətəndaşları prosesisin tezliklə başlayacağı ilə müjdələsə də, mexanizmin formalaşması bu günə qədər uzandı.

Fond bildirdi ki, şəxsi vəsaiti yaşayış sahəsinin dəyərini birbaşa ödəməyə imkan verməyən, habelə ipoteka kreditinin tələblərini qarşılamağa imkanı olmayan insanları yaşayış sahəsini əldə etmək və ya yaşayış şəraitini yaxşılaşdırmaq imkanları ilə təmin etməkdir. Azərbaycan Respublikasının vətəndaşı olan, məhkumluğu olmayan, müraciət anına vaxtı keçmiş öhdəlikləri olmayan, müraciət anına yaşı 60-dan yuxarı olmayan, Fondla aktiv kirayə münasibətləri olmayan və rəsmi gəlirlərə malik şəxslər bu imkandan yararlanmaq hüququ qazanırlar. Kirayənin minimal müddəti 3, maksimal müddəti 25 ildir.

2013-cü il yanvarın 1-dən sonra inşa edilmiş, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ya qabaqcadan qeydiyyata alınmış çoxmənzilli binalarda yerləşən təmirli yaşayış sahələrini və ya mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış binanın paylarla bağlı tərkib hissəsini, həmçinin Fondun fəaliyyəti ilə əlaqədar Fondun mülkiyyətinə keçmiş yaşayış sahələrini Fond ilə kirayə müqaviləsi bağlayıb kirayə götürmək olar. 

İlk baxışdan şərtlər əhalinin əksər təbəqələrini qane etsə də, proses uzandıqca mətbuata sızan müxtəlif fikirlər cəmiyyət arasında narahatlığa səbəb oldu. Bu, ilk növbədə mənzillərin sayı və qiyməti ilə bağlı açıqlanan rəqəmlərə aiddir.

İpoteka və Kredit Zəmanət Fondu ilkin mərhələ üçün əhalinin istifadəsinə 331 mənzil verildiyini bildirdi. Həmin mənzillər Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində, Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllədə, Sumqayıt şəhəri Sülh küçəsində yerləşir.

İpoteka və Kredit Zəmanət Fondu hələlik mənzillərin kvadratmetrinə görə qoyulmuş qiymətləri açıqlamasa da, vətəndaşlara təklif olunacaq mənzillərin aylıq ödənişinin Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacağı deyilir.

Nəhayət ki, gözlənilən gün gəldi. Bu gün saat 10:00-da satmaq öhdəliyi ilə kirayə müqaviləsinin bağlanılması üçün ərizəçinin və gəlirlərinin nəzərə alınması məqsədilə müraciət edən ərizəçinin ailə üzvlərinin müraciəti gücləndirilmiş elektron imza sertifikatı ilə Elektron Hökümət Portalına (www.e-gov.az) inteqrasiya olunmuş “Elektron İpoteka və Kredit Zəmanət” sistemində (EİKZS) yaradılan elektron kabinet yaradılmalı idi. Lakin istifadəçilər təxminən iki saat ərzində sistemdə qeydiyyatdan keçməyə çalışsalar da, texniki səbəblərdən bu alınmadı. Nəhayət, saytda belə bir yazı göründü:
“Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə təqdim edilən “Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi” xidmətində texniki təkmilləşdirmələr aparıldığı üçün xidmət müvəqqəti dayandırılmışdır.
Xidmətin fəaliyyətə başlanması vaxtı barədə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən əlavə məlumat veriləcəkdir”.

Daşınmaz əmlak üzrə sığorta eksperti İlkin İbrahimovdan məsələ ilə bağlı fikirlərini öyrəndik:

“Kirayə mənzillərlə bağlı dövlətin məqsədi sosial təminatı az olan vətəndaşların vəziyyətinin yaxşılaşdırılması və artan əmlak qiymətlərinin bazara təsir aləti kimi çıxarılmasından ibarətdir.

 Lakin həm sosial evlər və həm də satmaq öhdəliyi ilə kirayəyə verilən mənzillər daşınmaz əmlak bazarına qiymətlərin azalması deyil, artması kimi daxil olur. Məsələn, Yasamaldakı sosial evlər bir neçə il əvvəl tikildikdə bu ərazidə təmirli mənzillərin qiyməti 700-900 AZN arasında dəyişirdisə, hazırda bu yerlərdə özəl tikinti şirkətləri vətəndaşlara bir neçə ay sonra təhvil veriləcək evlərin qiymətini 1250-1370 AZN məbləğində təklif edirlər.

Sosial mənzil layihəsinin bahalaşmağa gətirib çıxaran amillərindən biri də sosial təminatı daha zəif olanların yəni, məvacibləri daha az olanların bu təminata düşə bilməməsidir. Çünki əgər əmək haqqı ödəniş qabiliyyətinə tərs mütənasibdirsə, (ödəniş kalkulyatorunda hesablanandan azdırsa) həmin siyahıya düşə bilmir.

Hesab edirəm ki, məhz bu amil sosial kirayə evlərin məhz məqsədinə uyğun istifadəsinə və ya vətəndaşlara əlçatanlığını  pozur. Belə amillər daha imkanlı vətəndaşların daha ucuz ev almasına, daha imkansızın isə kənarda qalmasına təkan verir. Məsələnin həlli yolu əmlakla bağll sığorta fondunun yaradılması, aztəminatlı ailələri də bu layihəyə daxil edilməsi olardı. Burada sığorta pulunu ödəməklə gələcəkdə baş verəcək sığorta hadisəsi zamanı vətəndaşın ödənişini fondun etməsi olardı”.

İ.İbrahimov hesab edir ki, aztəminatlı ailələrin kirayə mənzillərə əlçatanlığı demək olar ki, yoxdur:

“Aztəminatlı ailə dedikdə qanunla aztəminatlı sayılan ailələr nəzərdə tutulur. Bu əsasla götürsək, heç bir aztəminatlı ailə tələblərə cavab vermir. Bu da onu deməyə əsas verir ki, bu layihə aztəmimatlıların vəziyyətinin yaxşılaşdırılması layihəsi yox, məhz biznes layihəsidir. Sadəcə olaraq Fond bu mənzilləri sahibkarlardan alır və üzərinə qoyduğu faizlə imkanı olan vətəndaşlara uzunmüddətli kredit şəklində verir. Həm də qiymət artımında alət olaraq tətbiq edilir”.

Müəllif: Tuncay Türbəndəzadə