SIĞORTA

17 Yanvar

Vasif Talıbov: "İcbari tibbi sığortanın tətbiqi sahəsində işlər başa çatdırılıb"

Yanvarın 16-da Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib ki, Culfa rayonunda da icbari tibbi sığortanın tətbiqi sahəsində işlər başa çatdırılmışdır. Yaradılan şərait bu sahədə qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Culfa Rayon İcra Hakimiyyəti və Səhiyyə Nazirliyi ilə birlikdə rayonda icbari tibbi sığortanın tətbiqi ilə bağlı maarifləndirmə işləri aparmalı, görüşlər keçirilməli və sakinlərə ətraflı məlumat verilməlidir. Həmçinin göstərilən tibbi xidmətin keyfiyyəti daim diqqətdə saxlanılmalı, qaydalara əməl edilməli, nizam-intizam gücləndirilməlidir.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Samiq Sadıxov, Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev muxtar respublikada icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər barədə aidiyyəti üzrə məlumat veriblər.

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarının tərkib hissəsi kimi Culfa rayonunda icbari tibbi sığortaya keçidin mühüm əhəmiyyətə malik olduğunu bildirib, rayon əhalisi adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Culfa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Kəramət Şirinov qarşıya qoyulan vəzifələrin uğurla icra olunacağını və əhaliyə keyfiyyətli tibbi xidmət göstəriləcəyini bildirib.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin, Ağciyər Xəstəlikləri Dispanserinin icbari tibbi sığortaya keçirilməsi ilə bağlı tapşırıqlar verib.