SIĞORTA

16 Yanvar

Naxçıvan şəhərində icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına uyğun olaraq Naxçıvan şəhərindəki bir sıra səhiyyə müəssisələrinə publik hüquqi şəxs statusu verilib və tibb işçilərinin əməkhaqları 50 faiz artırılıb.

Fins.az xəbər verir ki, bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyətində “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Ali Məclis Sədrinin 2019-cu il 26 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrə və əhalinin maarifləndirilməsinə həsr edilmiş tədbirdə ətraflı danışılıb.

Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov bildirib ki, müvafiq sərəncama əsasən bu il yanvarın 1-dən etibarən Naxçıvan şəhərində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. O, icbari tibbi sığortanın əhəmiyyəti barədə danışıb, bu istiqamətdə görülən işləri diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov çıxışında qeyd edib ki, sığortaolunanların tibbi xidmətdən istifadəsini təmin etmək məqsədilə müvafiq göndərişlər 0-18 yaş əhali qrupu üçün Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına, 18 yaşdan yuxarı şəxslər üçün Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına, təcili yardım üçün isə Naxçıvan Şəhər Təcili Tibb Mərkəzinə təhvil verilib. Qeyd olunan tibb müəssisələrində agentliyin qeydiyyat məntəqələri fəaliyyət göstərir.

Sonra çıxışlar olub. Azərtac