SIĞORTA

14 Yanvar

Prezident: "Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır"

"Mən bunu əvvəllər də demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılmalıdır"

Fins.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

"Vətəndaşlar bilməlidirlər ki, evlər, əmlak sığortalanmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var, dövlət bütün maliyyə yükünü öz üzərinə götürübdür. Əlbəttə, bu, böyük vəsait tələb edirdi, ancaq yenə də deyirəm, vətəndaşların rahatlığı, onların rifahı, normal yaşayışı bizim üçün əsas məsələdir. Ancaq hesab edirəm ki, bu il və bundan sonrakı illərdə əmlakın sığortalanması, o cümlədən maarifləndirmə ilə bağlı çox ciddi addımlar atılmalıdır. Bu məsələ ilə bağlı müxtəlif tədbirlər keçirilməlidir, atılacaq addımlar haqqında vətəndaşlara ətraflı məlumat verilməlidir. Hökumətə tapşırıram ki, bu məsələyə diqqət yetirsin. Eyni zamanda, bu, ölkəmizin sığorta sektorunun inkişafına müsbət təsir göstərəcəkdir".