SIĞORTA

14 Yanvar

İcbari tibbi sığorta üzrə xidmətlər zərfi açıqlanıb - SİYAHI

Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında qərarın izahını verib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata görə, Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur.

Xidmətlər Zərfinə 1) təcili və təxirəsalınmaz tibbi yardım, 2) ilkin səhiyyə xidməti, 3) ixtisaslaşdırılmış ambulator yardım, 4) stasionar tibbi yardım üzrə cəmi 2 550 sayda müxtəlif tibbi xidmət daxildir.

 

Bunlardan 1) təcili və təxirəsalınmaz tibbi yardım üzrə 6 xidmət, 2) ilkin səhiyyə xidməti üzrə 35 xidmət, 3) ixtisaslaşdırılmış ambulator yardım üzrə 1 265 xidmət, 4) stasionar tibbi yardım üzrə 1 244 xidmət təminata alınıb. Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə medikamentoz və cərrahi müalicəsi icbari tibbi sığorta təminatına alınıb. Təminata alınmış əməliyyatlar sırasında sayı 150 xidmətdən çox olan həyatı vacib dəyəri yüksək olan əməliyyatlar da daxildir.

Xidmətlər Zərfi əhalinin sağlamlıq vəziyyəti və səhiyyə göstəricilərinin yaxşılaşdırılmasına, tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, tibbi xidmətlərə əlçatanlığının, ilkin səhiyyə xidmətinin gücləndirilməsi hesabına xəstəliklərin erkən aşkarlanması (evlərdə baxış, sağlam həyat tərzinə dair maarifləndirmə, əhalinin sağlamlıq göstəricilərinin toplanması və mütəmadi yoxlanması və s.) məqsədilə əhalinin tibb müəssisələrinə müraciət tezliyinin artırılmasına və vaxtında müvafiq tibbi yardımla təmin olunmasına xidmət edir.

Vətəndaşlara Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla) yalnız tibbi göstəriş olduğu hallarda “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqavilə bağlamış tibb müəssisələrində və ya həmin müəssisələrin göndərişi əsasında göstəriləcək.