Şadlıq evlərinin fəaliyyətini təmin etmək məqsədilə cəlb olunan ofisiantlar tərəfindən "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" alınmazsa, onların işə cəlb edilməsinə görə maliyyə sanksiyası tətbiq edilə bilərmi?
Fins.az xəbər verir ki, Vergi Məcəlləsində 1 yanvar 2020-ci il tarixdən edilmiş dəyişikliyə əsasən, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərlə (ofisiantlarla) əmək müqaviləsi bağlandığı hallar istisna olmaqla, həmin şəxslərin fəaliyyətə başlayanadək "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə işəgötürənə (vergi orqanında uçotda olan sifarişçiyə) hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə 2.000 manat, ikinci dəfə yol verildikdə 4.000 manat, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Beləliklə, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiantlar) ilə əmək müqaviləsi bağlanmadıqda həmin şəxslər yalnız "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" olduğu halda işlərin yerinə yetirilməsinə cəlb edilməlidir.
Belə şəxslərin müvafiq qəbz olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi vergi orqanında uçotda olan sifarişçiyə münasibətdə maliyyə sanksiyasının tətbiqinə əsas yaradır.
Tuncay Türbəndəzadə