SIĞORTA

08 Yanvar

Ekspert icbari sığorta haqqında: "Bu məsələ əslində panikaya bənzəyir"

Yanvarın 1-dən etibarən daşınmaz əmlakını sığorta etdirməyən şəxslər müvafiq məbləğdə cərimələnəcək. Bəs görək, əhali əmlakını sığorta etdirməkdə maraqlıdırmı? İnsanları sığortanın bu növü üçün müraciət etməsində cərimələnmə qaydasının təsiri olurmu? Mövzu ilə bağlı Dövlət Sığorta Şirkətinin filial direktoru Qismət Əsədov Lent.az-a son günlər daşınmaz əmlakın sığortası üçün müraciətlərin artdığını qeyd edib:

"Artıq ötən il dekabrın ortalarından daşınmaz əmlakın sığortası üçün edilən müraciətlər çoxalıb. Əhali arasında maarifləndirmə məsələsinin güclü getməsi sığortaya marağı günü-gündən artırıb. Bölgələrdə əsasən, rayon mərkəzlərində yaşayanlar daha çox müraciət edirlər. Kənd və qəsəbələrdən də edilən müraciətlərin sayı az deyil. Sığorta olunan əmlaklar arasında həm bina, həm də fərdi həyət evləri var. Daşınmaz əmlakın sığortası üçün müraciət edənlərin içərisində əvvəllər də sığortaya marağı olan şəxslər az deyil.

Ancaq əksəriyyət İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində göstərilən 30 manat cərimədən məlumatlı olduğu üçün məcbur qalıb sığortaya üz tutublar".

Azərbaycan Sığortaçılar Assosiasiyasının yanında Vasitəçilər komitəsinin sədri, sığorta üzrə ekspert Xəyal Məmmədxanlı isə insanların əmlaklarını cəriməyə görə yox, özləri üçün sığorta etdirməsini daha düzgün sayıb: "Bu məsələ əslində panikaya bənzəyir. Çünki əgər bu ildən cərimələnmə olmasa belə sığorta şirkət və agentlikləri vəziyyətdən düzgün istifadə edərək əhalini sığorta etdirməyə cəlb edirlər. Sığortaçılar müəyyən bildirişlər paylamaqla və.s tədbirlərlə bu prosesi həyata keçirirlər.

Ancaq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin reyestr məlumatları ilə İcbari Sığortalar Bürosunun inteqrasiyası bitməlidir ki, vətəndaşlara cərimələrin tətbiqi mümkün olsun. Bu gün mümkün deyil.

Əslində 2011-ci ildən cərimələr aktivdir. Lakin nəzarətçi orqan olan icra hakimiyyətləri bunu etməyiblər. İstəsələr bu gün də cərimələməyə başlaya bilərlər. Zənnimcə, bu ildən daşınmaz əmlakın sığortasına görə cərimələnmə mümkün olmasa belə əhalinin sığortaya marağı artıb və bu da yaxşı haldır. Şəxsən özüm dəfələrlə müraciət etmişəm ki, əmlakı cəriməyə görə yox, özünüzə görə sığorta etdirməlisiniz. Çünki nə yanğın, nə də təbii fəlakətlər cərimənin olub-olmamasına baxmır".

Xəyal Məmmədxanlı yanğın və digər təbii fəlakətlər zamanı insanlara dövlət tərəfindən kompensasiya verilməsinin düzgün olmadığını vurğulayıb. Sığortaçının sözlərinə görə, son baş verən hadisələr sığortaya marağı daha da artıracaq:

"Hazırda ciddi maraq artımı var. Bunlar əsasən, mülkiyyətində evlər olan Bakı şəhər sakinləridir. Qanunları sevən və riayət edənlər daha çox müraciət edirlər. Özümüz də təbliğat işləri aparırıq ki, cərimədən asılı olmayaraq əmlaklar sığortalansın. Prezident sahibkarlarla görüşdə də qeyd etdi ki, nəyə görə təbii fəlakətlər zamanı dəyən ziyanı qarşılamaq üçün dövlət büdcəsindən maliyyə ayrılmalıdır? Mən eyni fikirləri "Diqlas" ticarət mərkəzi yananda da demişdim. Düzdür, dövlət başçısı xeyirxahlıq göstərib dəyən ziyanı qarşılamaq üçün pul ayırdı. Amma həmin kompensasiyalar əslində ödənməməliydi. Çünki bu insanları rahat salır, arxayınlaşdırır. Nəticədə onlar yenə sığorta etdirmirlər. Nəhayət, cənab prezident də dedi ki, yanğın və digər təbii fəlakətlər zamanı kompensasiyanı dövlət etməli deyil. Sığorta var, gedin sığorta edin. Bu çox düzgün yanaşma idi. Ona görə də, ümid edirəm ki, həm bu son yanğınlardan sonra, həm də prezidentin bu çıxışından sonra sahibkarların da sığortaya marağı artacaq".