Yanvarın 1-dən etibarən qeydiyyatda olduğu özünə məxsus evi satanlar üçün vergi yükü azaldılıb.
Fins.az-ın məlumatına görə, bu haqda müddəalar Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə tətbiqi barədə fərman imzaladığı "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunda əksini tapıb.
Qanuna əsasən, fiziki şəxslər tərəfindən vergidən azad edilməklə, təqdim edilən yaşayış sahəsində ən azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddəti 3 təqvim ilinə endirilib. Eyni zamanda fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetr olan sahəsi istisnasız vergidən azad olunub.
Başqa sözlə, artıq 3 il ərzində sahibi olduqları mənzildə qeydiyyatda olanlar mənzili satan zaman hər hansı vergi ödəməyəcək. 3 ildən az sahibi olduğu mənzildə qeydiyyatda olanlar isə evlərinin sahəsinin 30 faizi üçün vergi ödəməyəcək, yaşayış sahəsinin qalan sahəsi üçün isə hər 1 kvadratmetrə görə 15 manat olmaqla, sadələşdirilmiş vergi ödəyəcəklər. Bu halda verginin hesablanması yaşayış sahələri üzrə müəyyənləşdirilmiş əmsala vurulur.
Tutaq ki, Bakıda birinci zonada yaşayanlar 3 ildən az qeydiyyatda olduqları evlərini satarkən evlərinin sahəsinin 30 faizi üçün vergi ödəməyəcək, evlərinin qalan sahəsinin hər kvadratmetri üçün isə sadələşdirilmiş vergi 4 əmsalla hesablanacaq. Yəni hər kvadratmetr üçün 60 manat vergi ödəyəcəklər. Bu halda Bakıda 12-ci zonada yaşayanlar isə hər kvadratmetr üçün 1,2 əmsalla 18 manat ödəyəcəklər. Ev satışına görə sadələşdirilmiş verginin ödənilməsinə nəzarət notariuslarda təmin edilir.
Tuncay Türbəndəzadə