28 Yanvar 2020-ci il tarixində Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Fins.az şirkətin elanına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə, “2019-cu ilin ilkin maliyyə hesabatlarının müzakirəsi”, “Cəmiyyətin keçmiş illər üzrə bölüşdürülməmiş mənfəəti barədə müzakirə” və “digər məsələlər” daxildir.
Yığıncaq “AzRe Təkrarsığorta”nın Bakı, şəhəri, A.Bakıxanov küç, 6 ünvanında yerləşən “Bridge Plaza”da yerləşən baş ofisində keçiriləcəkdir.
Konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabatına görə, “AzRe Təkrarsığorta” ASC 2018-ci ili 28 milyon 478 min manat xalis mənfəət ilə başa vurmuşdur. Ötən ilin sonunda şirkət 44 milyon 125 min manat bölüşdürülməmiş mənfəətə malik olmuşdur. Əgər şirkət 2019-cu ili də mənfəətlə başa vurursa, bölüşdürülməmiş mənfəət daha yüksək məbləğdə ola bilər.
Qeyd edək ki, “AzRe Təkrarsığorta” ASC-nin 6 fiziki şəxsə məxsus olduğu məlumdur. Şirkət “Qala Sığorta” şirkətinin 100%-lik, “Qala Həyat Sığorta” şirkətinin 91.11%-lik, “Azər-Türk Bank”ın isə 6,55%-lik səhmdarıdır.