Sığorta - sığortalının əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir.
Sığorta müqaviləsinin bağlanması üçün sığortalı müqavilə bağlamaq niyyəti barəsində sığortaçıya yazılı təklif verir, yaxud bu niyyətini şifahi bildirir.
Sığorta müqaviləsinin bağlanması faktı isə sığorta qaydaları əlavə edilməklə, sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir. Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilənhər hansı məbləğlər gəlir vergisinə cəlb olunmur. Amma müqaviləyə 3 ildən tez xitam verilərsə, bu zaman ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur.
Vergi Məcəlləsinin 123.4-cü maddəsinə əsasən, həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq kimi alınan gəlirdən ödəmə mənbəyində 10 faiz dərəcəsi ilə vergi tutulur. Misal: Tutaq ki, "A" MMC işçinin əməkhaqqndan həyatın yığım sığortası üçün sığortaçıya ödənişlər edir. Müqaviləyə 3 ildən tez müddətə xitam verilir.
Sığorta olunan üçün 10.000 manat ödəniş edildiyi halda sığorta ödənişi 11.200 manat təşkil edib. Bu zaman 1.200 manatlıq (11.200 manat - 10.000 manat) faiz gəlirindən ödəmə mənbəyində vergi tutularaq dövlət büdcəsinə 120 manat (1.200 mant * 10 faiz ) ödənilir. Həmin faiz gəlirindən məcburi dövlət sosial ayırması hesablanmır. Çünki "Sosial sığorta haqqında" Qanunun 15-ci maddəsinin müddəalarında göstərilir ki, faiz gəlirləri məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növüdür.