Cari il noyabrın 1-nə ölkədə muzdla işləyənlərin sayı 1,6 milyon nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 911,4 min nəfər, qeyri-dövlət sektorunda isə 729,6 min nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda 34,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1,6 milyon nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi tikintidə, 7,5 faizi emal sənayesində, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. Xidmət sahəsində işləyənlərin 20,3 faizi təhsil, 17,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi istirahət, əyləncə və incəsənət, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar. Yanvar-oktyabr aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 151,3 saat təşkil edib.