İyulun 24-də Qəbələdə XIV Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.
Finss.az xəbər verir ki, festival Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan” şirkətinin dəstəyi ilə keçirilir. Bu il tədbir dahi bəstəkar Üzeyir Hacıbəyli’nin 140 illik yubileyinə həsr olunub.
Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər iştirak ediblər.
Festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxışında bildirib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı 14 ildir ki, dünya musiqisinin müxtəlif üslublarını bir araya gətirərək beynəlxalq mədəniyyət dialoqunun mühüm ünvanına çevrilib.
Açılış proqramında Üzeyir Hacıbəyli’nin 140 illik yubileyinə həsr olunmuş xüsusi konsert təqdim olunub. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu “Cəngi” əsəri ilə proqramı açıb.
Konsertdə həmçinin Səid Rüstəmov, Vasif Adıgözəlov, Ramiz Mirişli, Polad Bülbüloğlu, Emin Sabitoğlu, Fikrət Əmirov, Müslüm Maqomayev və digər tanınmış bəstəkarların əsərləri səsləndirilib.
Festival iyulun 29-dək davam edəcək. Bu müddətdə Qəbələ müxtəlif ölkələrdən gələn tanınmış musiqiçilərin, dirijorların və kollektivlərin çıxışlarına ev sahibliyi edəcək. Tədbir çərçivəsində klassik musiqidən muğama, cazdan operaya qədər zəngin proqramlar təqdim olunacaq.
Qeyd edək ki, festivalın bütün konsert proqramlarına giriş sərbəstdir.



















