Azərbaycandan Avropa İttifaqına (Aİ) illik qaz ixracının həcmini 20 milyard kubmetrə çatdırmaq üçün təxminən 18,5 milyard ABŞ dolları tələb oluna bilər.
Fins.az xəbər verir ki, bu barədə "Fitch Solutions" şirkətinin Azərbaycana dair hesabatında bildirilib.
Şirkət qeyd edib ki, Azərbaycanın bu hədəfə çatması üçün mövcud boru kəməri infrastrukturu genişləndirilməli və bu genişləndirmə 18,5 milyard dollar məbləğində maliyyə tələb edəcək.
Hesabatda, eyni zamanda, "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində Aİ-yə təbii qaz ixracının iki dəfə artırılmasının 2027-ci ilə qədər mümkün olub-olmaması haqqında qeydlər yer alıb. "Fitch Solutions" mütəxəssisləri, yaşıl hidrogenin nəqli üçün şərait yaradılmadığı təqdirdə, yeni boru kəməri layihələrinə sərmayə qoyulmasının çətinləşəcəyini vurğulayıb. Bu halda, Azərbaycan hökumətinin boru kəməri infrastrukturunun genişləndirilməsi üçün lazım olan maliyyəni tapmaqda çətinlik çəkə biləcəyi qeyd edilib.
Eyni zamanda, bu infrastruktur layihələri üçün Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər maliyyə institutlarından maliyyə dəstəyi almaq mümkün ola bilər. TAP boru kəməri, Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağından hasil olunan təbii qazın Avropaya daşınmasında əsas yollardan biridir və bu layihənin genişləndirilməsi də müvafiq maliyyə yatırımlarını tələb edib.