SƏNAYE

03 Dekabr

Çin mis tullantılarının idxalını azaldır

Fins.az - Bir sıra Qərb analitikləri, Çin mis tullantılarının idxalının yaxın gələcəkdə azalacağını proqnozlaşdırır.

Bunun səbəbi olaraq, ABŞ ilə Çin arasındakı ticarət gərginliyinin artması və ABŞ-da Trampın hakimiyyətə gəlməsi ilə əlaqədar gözlənilən ticarət siyasəti dəyişiklikləri göstərilir.

Shanghai Metals Market (SMM) tərəfindən edilən araşdırmalara əsasən, Çinli ticarətçilərin əksəriyyəti artıq ABŞ-dan birbaşa mis tullantısı alınmasını dayandırıb. Bu, xüsusilə böyük ticarət şirkətlərini əhatə edir. "Bizim araşdırmalarımıza görə, Çinli ticarətçilərin əksəriyyəti artıq ABŞ-dan mis tullantısı alımını dayandırıb. Bu, əsasən aparıcı ticarətçilərə aiddir", - deyə SMM analitikləri bildirib.

Benchmark Mineral Intelligence (BMI) analitiki Çjao Yönçen qeyd edib ki, Çin idxalçıları ticarət əməliyyatlarının artan qeyri-müəyyənlik və əlavə xərclər səbəbindən ehtiyatla alqı-satqı həyata keçirirlər. O, həmçinin vurğulayıb ki, ABŞ ilə olan ticarət münasibətlərindəki qeyri-müəyyənlik, misin qiymət dəyişkənliyini artıracaq.

Çinin 2023-cü ilin yanvar-oktyabr aylarında ABŞ-dan 361,099 min ton mis tullantısı idxal etdiyi, bu miqdarın ümumi idxalın beşdə biri olduğunu Çin gömrük xidmətinin məlumatları göstərir.

SMM analitikləri, mis tullantılarının idxalının azalmasının, rafinə edilmiş misin istehlakını artıracağını bildirirlər.  ABŞ təchizatçılarına alternativlərin tapılması zaman alacaq, və tullantıların azalması bazarda qiymət dalğalanmalarını daha da kəskinləşdirə bilər. Bununla yanaşı, mis tullantılarının qiymətlərinin artması, daxili təklifin artmasına səbəb olacaq.