Hindistanın dövlət şirkəti "ONGC Videsh" (OVL), Norveçin “Equinor” şirkətindən Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 0,615 faiz iştirak payını alıb.
Fins.az-ın məlumatına görə, müqavilə həmçinin ONGC Videsh-in törəmə şirkəti olan ONGC BTC Limited vasitəsilə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri şirkətində 0,737% səhm əldə etməsini nəzərdə tutur. Bu alışın ümumi dəyəri 60 milyon dollar təşkil edir və 2024-cü il noyabrın 29-da tamamlanıb.
Bu alış "OVL" şirkətinin AÇG yatağındakı mövcud 2,31% payına və BTC boru kəmərindəki 2,36% payına əlavə olunub.
Qeyd edək ki, "bp Exploration (Caspian Sea) Limited" AÇG yataqlar blokunun işlənməsi layihəsinin operatorudur. AÇG yatağında hasilat 20 sentyabr 1994-cü ildən başlayıb və müqavilə 2049-cu ilin dekabrında başa çatacaq, bu müddət ərzində təxminən 1 milyard ton neftin çıxarılması nəzərdə tutulur.
bp-nin son məlumatlarına əsasən, 2024-cü ilin ilk üç rübündə AÇG-də ümumi hasilat orta hesabla gündə təxminən 339 000 barel olub (cəmi təxminən 93 milyon barel və ya 13 milyon ton). Hasilat Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Dərin Su Günəşli, Qərbi Çıraq və Mərkəzi Şərqi Azəri (ACE) platformalarından əldə olunub.