SƏNAYE

02 Dekabr

Mərakeş Böyük Britaniyanı ekoloji təmiz enerji ilə təmin edə bilər

Fins.az - Mərakeşin cənub-qərbində, külək və günəş elektrik stansiyalarının yerləşdiyi geniş bir ərazidə tikilən enerji infrastrukturu tezliklə Böyük Britaniyanın 9 milyondan çox evini ekoloji təmiz elektrik enerjisi ilə təmin edə bilər.

Layihə, Tesco-nun keçmiş rəhbəri ser Deyv Lyuisin təşəbbüsü ilə həyata keçirilir. O, dünyanın ən uzun sualtı elektrik kabelini inşa edərək, Şimali Afrikadan təmiz enerji mənbələrini Böyük Britaniyaya çatdırmağı planlaşdırır. Layihə barədə The Guardian məlumat yayıb.

Dəniz dibində 4000 km uzunluğunda kabelin çəkilməsi nəzərdə tutulur. Bu kabel vasitəsilə Mərakeşin Tanta bölgəsindən Devona qədər, Böyük Britaniyada istehlak olunan elektrik enerjisinin 8%-i bərpa olunan enerji mənbələrindən təmin edilə bilər. Enerjinin ötürülməsi isə cəmi bir saniyədən az vaxt alacaq.

Mərakeşdə il boyu günəş şüalarının davamlı olması və külək sürətinin yüksəkliyi bu layihənin Böyük Britaniyanı gündə təxminən 19 saat müddətində etibarlı enerji ilə təmin edə biləcəyini göstərir.