SƏNAYE

25 Oktyabr

MSCI beynəlxalq reytinq agentliyi SOCAR-a ESG üzrə BBB ilkin reytinqi verib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), aparıcı beynəlxalq reytinq agentliyi MSCI tərəfindən 2024-cü il üzrə ESG (Ətraf mühit, Sosial və İdarəetmə) göstəricilərinə görə BBB ilkin reytinqi əldə edib.

Fins.az SOCAR-a istinadən xəbər verir ki, SOCAR-ın ESG üzrə BBB reytinqi, karbon emissiyalarının azaldılması, tullantıların idarə olunması, ictimaiyyətlə əlaqələr, biomüxtəliflik, sağlamlıq və təhlükəsizlik, idarəetmə və şəffaflıq sahələrində əldə etdiyi nailiyyətlərin təsdiqidir.

SOCAR Xəzər regionunda bu reytinqi əldə edən ilk enerji şirkəti olaraq, əksər milli neft şirkətlərini qabaqlayıb.

Bu reytinq, SOCAR-ın ətraf mühit, sosial siyasət və idarəetmə çərçivəsində təkmilləşdirmə proseslərinin nəticəsi kimi, onun davamlı inkişaf strategiyasını gücləndirəcək və ESG sahəsindəki planlarına təkan verəcəkdir.

SOCAR həmçinin bildirir ki, həyata keçirdiyi layihələrin maliyyələşdirilməsi ilə bağlı kredit reytinqlərində də müsbət dəyişikliklər baş verib. “Fitch” reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini “BB+/pozitiv” səviyyəsindən investisiya səviyyəsi olan “BBB-/sabit” səviyyəsinə, “Moody’s” isə reytinqini “Ba1/sabit”dən “Ba1/pozitiv”ə yüksəldib. “Standard and Poor’s” isə SOCAR-ın “BB-/sabit” reytinqini təsdiq edib.

MSCI ESG Reytinqinin Məhdudiyyətləri:

  • MSCI ilkin ESG reytinqi “MSCI ESG Research” tərəfindən hazırlanmış kompensasiya müqabilində təklif olunan bir xidmətdir və kredit reytinqi və ya kapital tədqiqatı xarakteri daşımır.
  • Bu reytinq məlumat məqsədi ilə təqdim olunur və investisiya tövsiyəsi deyil.
  • Reytinqin qüvvədə olma müddəti dəyişə və geri götürülə bilər və yalnız ilk buraxılış tarixinə qədər aktual sayılır.
  • MSCI ESG reytinqinin tam məzmunu və istifadəsi ilə bağlı məlumatları buradan əldə etmək mümkündür.

Fuad Mədətov
Fins.az