Sentyabr ayında Tacikistan elektrik enerjisi ixracından 16,3 milyon dollar qazandı.
Fins.az xəbər verir ki, ölkə, bu ilin doqquz ayında qonşu ölkələrə ümumilikdə 100 milyon dollar dəyərində elektrik enerjisi ixrac edib. Lakin, ölkənin kənd sakinləri gündə yalnız 8-10 saat elektrik enerjisi əldə edə bilirlər.
"Barki Toçik" şirkəti bildirir ki, elektrik enerjisi ixracı yalnız yayda Özbəkistana, payız-qış dövründə isə Əfqanistana həyata keçirilir. Sentyabrın 22-dən başlayaraq, ölkə daxilində elektrik enerjisinin tədarükünə məhdudiyyətlər qoyulub. Kənd sakinləri, elektrik enerjisini səhər saat 5-dən 8-ə və axşam saat 17-dən 22-yə qədər alırlar.
GBAO bölgəsi istisna olmaqla, ölkənin digər bölgələrində yaşayanlar elektrik enerjisi məhdudiyyətlərindən şikayət edirlər. Statistika məlumatlarına əsasən, bu ilin doqquz ayında Tacikistanda 17,2 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artım deməkdir. Enerjinin 95%-i hidroelektrik stansiyaları tərəfindən istehsal edilir.