Yenilənə bilən enerji texnologiyaları, alternativ enerji mənbələri və metodları, iqlim dəyişikliyinə birbaşa təsir göstərir.
Bunu Fins.az-a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri və İKT üzrə ekspert Elvin Abbasov deyib.
Enerji sahəsindəki yeniliklərin əhəmiyyətini vurğulayan E.Abbasov bildirib ki, yenilənə bilən enerji texnologiyaları, təbiəti korlamamaq və ekosistemə ziyan vurmamaq məqsədini güdür: “Yaşıl enerjinin istifadəsi, alternativ enerji üsullarının tətbiqi və neft məhsullarının azaldılması bu istiqamətdə atılan önəmli addımlardır. Bu yanaşma, iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün müasir bir strategiya olaraq qiymətləndirilir”.
Onun sözlərinə görə, alternativ enerji mənbələrinin istifadəsi, xüsusilə elektrik enerjisinin istehsalında mühüm rol oynayır:
“Elektrik enerjisi, elektrikli avadanlıqlar, elektrik maşınları və elektrikli skuturların istifadəsi benzin istehlakını azaldır. Bu cür dəyişikliklər, iqlim dəyişikliyinin qarşısını almaq məqsədilə atılan müsbət addımların bir hissəsidir. Beləliklə, yenilənə bilən enerji texnologiyaları iqlim dəyişikliyinə qarşı mübarizədə əhəmiyyətli bir rol oynayır. Bu texnologiyaların geniş tətbiqi, ekosistemləri qorumaqla yanaşı, insanların həyat keyfiyyətini artırmaq üçün də vacibdir”.
Fuad Mədətov
Fins.az