SƏNAYE

27 Sentyabr

SOCAR Serbiyaya 1 milyon kubmetr qaz tədarük edəcək

Serbiya qarşıdan gələn qış aylarında Azərbaycandan 1 milyon kubmetr qazın təhlükəsiz tədarükünə arxalana biləcək. Bu, Serbiyanın enerji təhlükəsizliyini gücləndirəcək.

Fins.az Serbiyanın Mədənçilik və Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu Belqradda Azərbaycanın energetika naziri Pərviz Şahbazovla danışıqlar zamanı qurumun rəhbəri Dubravka Djedoviç deyib.

Belqrad şəhərində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla keçirilən görüşdə Djedoviç bildirib ki, Serbiya ilə Azərbaycan arasındakı strateji əməkdaşlıq prezidentlər Aleksandr Vuçiç və İlham Əliyevin səyləri nəticəsində möhkəmlənib. Bu əməkdaşlıq çərçivəsində Serbiya ilə Azərbaycanın qaz sektoru əsas əməkdaşlıq sahələrindən biridir.

Keçən il Bakıda imzalanmış müqaviləyə əsasən, 2026-cı ilə qədər Serbiyaya ildə 400 milyon kubmetrədək Azərbaycan qazı tədarük ediləcək. SOCAR və “Srbijagas” arasında sentyabrın 26-da imzalanan sazişlər, Serbiyanın qış aylarında gündəlik 1 milyon kubmetr qaz tədarükünü təmin edəcək. Bu tədarük noyabrın 1-dən martın 31-nə qədər davam edəcək.

Həmçinin, iki ölkənin energetika nazirlikləri arasında imzalanan Anlaşma Memorandumu, Serbiya ilə Azərbaycan arasında “yaşıl enerji” sahəsində əməkdaşlığı gücləndirəcək. Bu memorandum, enerji keçidi və “yaşıl enerji”yə birgə investisiyalar kimi yeni imkanlar açacaq.

Beləliklə, enerji sahəsindəki bu əməkdaşlıq Azərbaycan və Serbiya arasında münasibətlərin hərtərəfli strateji xarakter almasına mühüm töhfə verəcək.

Fuad Mədətov
Fins.az