Pirallahı Sənaye Parkında şəkər analiz cihazları, birdəfəlik üçkomponentli şprislər və müxtəlif dərman məhsulları istehsal ediləcək. Parkda 7 növdə dərman məhsulları, bioloji aktiv qida əlavələri və dərman vasitələri hazırlanacaq (tablet, kapsul, jelatin kapsul, toz, suspenziya, sirop və s.).
Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Hazırda burada şpris, damardaxili kateter, infuziya dəsti, cərrahi əlcək və Diabeton MR kimi məhsullar istehsal olunur. Məhsullar əsasən daxili bazara yönəldilib, lakin növbəti mərhələdə ixrac hədəflənir.
Pirallahı Sənaye Parkında investisiya kapitalı 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik verilib. Bunlardan 2-si istehsala başlayıb, 40 milyon manatdan çox investisiya qoyub və 140-dan çox daimi iş yeri yaradıb. Növbəti mərhələdə əlavə 80 milyon manatdan çox investisiya qoyulması və 400-dən çox iş yerinin yaradılması planlaşdırılır.
Rezidentlər 53 milyon manatlıq satış həyata keçirib, bunun 7,5 milyon manatı bu ilin I yarısına düşür. Parkın rezidentləri əsasən dərman istehsalı sahəsində fəaliyyət göstərir və müasir texnologiyalarla beynəlxalq standartlara cavab verən dərmanlar istehsal edir.
Fuad Mədətov
Fins.az