Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci illər üçün "OPEC+" razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatına dair proqnozunu artırıb.
Fins.aqz-ın OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il üçün “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 53,07 milyon barel olacağı ehtimal olunur. Bu, əvvəlki proqnozdan 0,07 milyon barel çoxdur və 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,23 milyon barel artımı əks etdirir.
Proqnoza əsasən, 2025-ci ildə “OPEC+”a daxil olmayan ölkələrdə gündəlik neft hasilatının 54,17 milyon barel olacağı gözlənilir. Bu, əvvəlki proqnozdan 0,07 milyon barel azdır, lakin illik müqayisədə 1,1 milyon barel artımı ifadə edir.
Hesabata əsasən, ötən il “OPEC+” razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 51,84 milyon barel olub.
Qeyd edək ki, "OPEC+" razılaşması OPEC üzv ölkələri ilə birlikdə təşkilata daxil olmayan ölkələrin də iştirak etdiyi neft istehsalının azaldılması təşəbbüsünü əhatə edir. Azərbaycan da bu razılaşmanın iştirakçısıdır.
Fuad Mədətov
Fins.az